Kontentə keç

Mündəricatı göstər

 TƏLİM MƏQALƏSİ 13

Təbliğ etdiyimiz insanlara şəfqət göstərək

Təbliğ etdiyimiz insanlara şəfqət göstərək

«[İsanın] bu adamlara yazığı gəldi... Onlara çox şey öyrətməyə başladı» (MARK 6:34).

NƏĞMƏ 70 Layiqli adamları axtaraq

İCMAL *

1. İsa Məsihin ürəyimizi ən çox riqqətə gətirən xüsusiyyətlərindən biri hansıdır? İzah edin.

İSA MƏSİHİN ən çox ürəyimizi riqqətə gətirən xüsusiyyətlərindən biri günahlı insanlar olan bizlərin üzləşdikləri çətinlikləri anlamasıdır. Yer üzündə yaşadığı müddətdə o, sevinənlərlə sevinmiş, ağlayanlarla ağlamışdı (Rom. 12:15). Misal üçün, 70 şagirdi yaxşı təbliğ edib sevinc içində geri qayıdanda İsa sevincdən cuşa gəlmişdi (Luka 10:17—21). Başqa bir vaxt isə İlazərin ölümünə görə yaxınlarının kədərləndiyini görüb bərk qəhərlənmiş və dərindən ah çəkmişdi (Yəh. 11:33).

2. İsa Məsih nəyin sayəsində insanlara şəfqət göstərirdi?

2 Kamil bir insanın qeyri-kamil insanlara qarşı bu qədər mərhəmət və şəfqət göstərməsi nəyin sayəsində mümkün idi? İlk növbədə, İsa Məsih insanları sevirdi. Ötən məqalədə qeyd olunduğu kimi, bəşər övladları onun könlünü xüsusilə sevindirirdi (Məs. 8:31). Məhəbbət onu insanlara daha yaxın olmağa, onları daha yaxından tanımağa təşviq edirdi. Həvari Yəhya bunu belə izah edir: «O, hər kəsin ürəyini görürdü» (Yəh. 2:25). Məsih insanlara can yandırırdı və insanlar bunu hiss edirdilər. Buna görə də onun Padşahlıq haqda danışdıqlarına qulaq asırdılar. Eynilə biz də insanlara can yandırmağı öyrənməklə xidmətdə daha çox insana kömək edə bilərik (2 Tim. 4:5).

3, 4. a) İnsanlara qarşı şəfqət hissimiz olsa, xidmətimizə necə yanaşacağıq? b) Bu məqalədə nədən danışacağıq?

3 Həvari Bulus bilirdi ki, onun öhdəsinə təbliğ etmək işi düşür, biz də bunun fərqindəyik (1 Kor. 9:16). Lakin insanlara ürəyimiz yansa, təbliğ işini borc hissindən irəli gələrək etməyəcəyik. Əksinə, insanları düşündüyümüz, onlara kömək etmək istədiyimiz üçün təbliğ edəcəyik. Bilirik  ki, «vermək almaqdan daha çox xoşbəxtlik gətirir» (Həv. 20:35). Xidmətimizə bu cür yanaşmaqla daha çox sevinc əldə edəcəyik.

4 Bu məqalədə təbliğ etdiyimiz insanlara şəfqət duyduğumuzu göstərməyin bəzi yollarını araşdıracağıq. İlk növbədə, İsa Məsihin insanlara hansı hissləri bəslədiyinə nəzər salacağıq. Daha sonra onun qoyduğu nümunəni necə izləyə biləcəyimizin dörd yolunu öyrənəcəyik (1 But. 2:21).

İSA MƏSİH XİDMƏTDƏ ŞƏFQƏT GÖSTƏRİRDİ

İsa Məsih şəfqət hissindən irəli gələrək insanlara təsəlli müjdəsini çatdırırdı (5 və 6-cı abzaslara baxın)

5, 6. a) İsa Məsih kimlərə şəfqət göstərirdi? b) Nəyə görə İsa Məsihin, Əşiya 61:1, 2 ayələrində peyğəmbərlik edildiyi kimi, təbliğ etdiyi insanlara yazığı gəlirdi?

5 Gəlin İsa Məsihin xidmətdə necə şəfqət göstərdiyinə diqqət yetirək. Bir dəfə o, şagirdləri ilə birgə istirahət belə etmədən bütün günü xoş xəbəri təbliğ etmişdi. Onlar «hətta yemək yeməyə də macal» tapmamışdılar. Buna görə də İsa şagirdləri ilə birgə dincəlmək üçün sakit bir yerə yollanır. Lakin bundan xəbər tutan xeyli adam qaçıb İsagili qabaqlayır. İsa izdihamı görəndə nə edir? Onun bu adamlara yazığı gəlir *, çünki «onlar çobansız qoyun kimi idilər». İsa onlara çox şey öyrətməyə başlayır (Mark 6:30—34).

6 Gəlin görək İsa Məsihin insanlara yazığı gəlməsinə, onların dərdinə şərik olmasına səbəb nə idi. İsanın gözündə «onlar çobansız qoyun kimi idilər». Ola bilsin, onların bəziləri çox kasıb idi və ailələrini dolandırmaq üçün gecə-gündüz işləyirdi. Kimlərsə əzizini itirdiyinə görə kədərə qərq olmuşdu. Görünür, İsa bütün bunları bilirdi və onların hisslərini anlayırdı. Öncəki məqalədə də qeyd olunduğu kimi, o özü də bu cür çətinliklərlə üzləşmişdi. İsa insanların halına acıyırdı və onlara təsəlli vermək istəyirdi. (Əşiya 61:1, 2 ayələrini oxuyun.)

7. İsa Məsihdən necə örnək ala bilərik?

 7 İsa Məsihdən nə öyrənirik? Bu gün biz də «çobansız qoyun kimi» çarəsiz qalmış insanların arasında yaşayırıq. Onlar çoxlu problemlərlə mübarizə aparırlar. Bizim bölüşdüyümüz Padşahlıq haqda müjdə məhz onların ehtiyac duyduğu xəbərdir (Vəhy 14:6). Odur ki, Ustadımız kimi, biz də «fağır-füqəranın halına» acıdığımız üçün onlarla xoş xəbəri bölüşürük (Zəb. 72:13). Bizim onlara ürəyimiz yanır və kömək etmək üçün əlimizdən gələni etmək istəyirik.

ŞƏFQƏTİ NECƏ TƏZAHÜR ETDİRMƏLİ?

Hər kəsə fərdi yanaşın (8 və 9-cu abzaslara baxın)

8. Xidmətdə şəfqət göstərməyin yollarından biri hansıdır? Nümunə çəkin.

8 Təbliğ etdiyimiz insanların dərdinə necə şərik ola bilərik? Özümüzü onların yerinə qoymağa çalışmalı və onlara özümüzə qarşı görmək istədiyimiz münasibəti göstərməliyik * (Mət. 7:12). Gəlin bunu etməyin dörd yolunu araşdıraq. Birincisi, hər kəsə fərdi yanaşaq. Təbliğ işini həkim və xəstə münasibətinə bənzətmək olar. Yaxşı həkim hər xəstəyə fərdi yanaşır. O, müxtəlif suallar verir və xəstə vəziyyəti barədə danışarkən diqqətlə qulaq asır. Müalicə təyin etməzdən öncə, ola bilsin, həkim əlavə müayinələr təyin edib problemin nədən qaynaqlandığını aydınlaşdırmaq istəsin və sonra lazımi müalicəni yazsın. Eynilə, biz də çalışmalıyıq ki, təbliğdə qarşılaşdığımız hər kəslə eyni cür söhbət aparmayaq. Əksinə, hər kəsin vəziyyətini və baxış tərzini nəzərə almalıyıq.

9. Nəyi düşünməməliyik? İzah edin.

9 Xidmətdə qarşılaşdığımız insanın vəziyyətindən agah olduğumuzu, yaxud onun nəyə və niyə inandığını bildiyimizi düşünməməliyik (Məs. 18:13). Əksinə, insan haqda məlumat almaq üçün nəzakətlə suallar verməliyik (Məs. 20:5). Əgər yerli mədəniyyətə uyğundursa, işi, ailəsi, həyatı və baxış tərzi haqda soruşmaq olar. İnsana suallar verəndə, bir növ, xoş xəbərə nə üçün ehtiyac duyduğunu söyləməsinə imkan yaradırıq. Bunu öyrənəndən sonra İsa Məsih kimi, biz də biləcəyik insana konkret hansı sahədə kömək etmək lazımdır. (1 Korinflilərə 9:19—23 ayələri ilə əlaqələndirin.)

Təbliğ etdiyiniz insanın həyatının necə olduğunu təsəvvür edin (10 və 11-ci abzaslara baxın)

10, 11. 2 Korinflilərə 4:7, 8 ayələrinə əsasən, şəfqət göstərməyin ikinci yolu hansıdır? Nümunə çəkin.

10 İkincisi, insanın həyatının necə dəyişə biləcəyi barədə düşünək. Müəyyən mənada, təbliğ etdiyimiz insanların vəziyyətini anlayırıq. Çünki biz də hamı kimi qeyri-kamil insanıq və problemlərlə üzləşirik (1 Kor. 10:13). İndiki zəmanədə yaşamağın nə qədər ağır olduğunu bilirik. Biz yalnız Yehovanın köməyi  sayəsində həyatın çətinliklərinə dözürük. (2 Korinflilərə 4:7, 8 ayələrini oxuyun.) Görün Yehovanı tanımayan, Onunla yaxın münasibətləri olmayanlar üçün həyatın qayğıları ilə mübarizə aparmaq nə qədər çətindir. İsa Məsih kimi, bizim də insanlara ürəyimiz yanır və istəyirik ki, gözəl xəbəri onlara da müjdələyək (Əşy. 52:7).

11 Gəlin Sergey adlı bir qardaşın nümunəsinə nəzər salaq. Həqiqəti öyrənməzdən öncə o, çox sakit və utancaq insan idi. Öz hisslərini ifadə etməyə çətinlik çəkirdi. Bir gün o, Müqəddəs Kitabı öyrənməyə başlayır. Sergey deyir: «Müqəddəs Kitabı araşdırdıqca öyrəndim ki, məsihilər etiqadlarını başqaları ilə də bölüşməlidir. Əmin idim ki, mən heç vaxt təbliğ edə bilmərəm». Bununla belə, qardaş həqiqəti eşitməyənlər barədə fikirləşir və Yehovanı tanımadıqlarına görə həyatlarının nə qədər çətin olduğunu düşünür. O deyir: «Öyrəndiyim yeni biliklər mənə böyük xoşbəxtlik və qəlb rahatlığı bəxş etdi. Bilirdim ki, başqalarının da həqiqəti eşitməyə ehtiyacı var». Sergeyin şəfqət hissi artdıqca təbliğ etmək üçün cəsarəti də artdı. O deyir: «Maraqlıdır ki, insanlara Müqəddəs Kitab haqqında danışdıqca özünəinam hissim yüksəldi. Üstəlik, etiqadımı bölüşmək öz imanımı da möhkəmləndirdi» *.

İnsanın ruhani inkişafı müəyyən vaxt ala bilər (12 və 13-cü abzaslara baxın)

12, 13. Nəyə görə təbliğ etdiyimiz insanlara qarşı səbirlə yanaşmalıyıq? Nümunə çəkin.

12 Üçüncüsü, təbliğ etdiyimiz insanlara qarşı səbirli olaq. Nəzərə alaq ki, bəlkə də, onlar bizim yaxşı bələd olduğumuz Müqəddəs Kitab həqiqətlərini heç vaxt eşitməyiblər. Üstəlik, çoxları öz etiqadlarına möhkəm bağlıdır. Ola bilsin, onlar düşünür ki, etiqadları onların ailə bağlarının möhkəm olmasında, adət-ənənələrə və cəmiyyətə bağlı qalmasında mühüm  rol oynayır. Bəs onlara necə kömək edə bilərik?

13 Bir nümunəyə nəzər salaq. Köhnə, dağılmaq üzrə olan körpünü yenisi ilə əvəz etmək istəyəndə nə edirlər? Adətən, yeni körpü inşa olunana qədər köhnə körpü istifadə olunur. Yalnız yeni körpü hazır olandan sonra köhnəni uçururlar. Eynilə, Müqəddəs Kitabı öyrənməyə başlayan insanlardan onlara əziz olan köhnə etdiqadlarından dönməyi istəməzdən öncə yeni etiqadlarını sevmələrinə kömək etmək lazımdır. Yalnız bundan sonra onlar əvvəlki etiqadlarından dönməyə hazır olacaqlar. İnsanlara bu kimi dəyişikliklər etməyə kömək etməyimiz müəyyən vaxt ala bilər (Rom. 12:2).

14, 15. Yerüzü Cənnətdə əbədi yaşamaq ümidi barədə eşitməyənlərə və ya az məlumatı olanlara necə kömək edə bilərik? Nümunə çəkin.

14 Təbliğ etdiyimiz insanlara səbirlə yanaşsaq, ilk dəfə eşitdikləri Müqəddəs Kitab həqiqətlərini dərhal qəbul etmələrini gözləməyəcəyik. Əksinə, müəyyən müddət onların Müqəddəs Kitab həqiqətləri üzərində düşünməsinə kömək edəcəyik. Misal üçün, deyək ki, insana yer üzündə əbədi həyatın olacağını izah etmək istəyirik. Demək olar ki, çoxları bu haqda heç eşitməyib. Ola bilsin, onlar ölümün həyatın sonu olduğuna və ya yaxşı insanların öləndən sonra cənnətə düşdüyünə inanır. Bu cür düşünən insanlara necə kömək etmək olar?

15 Bir qardaş bu mövzuya dair belə söhbət aparır: birinci, Yaradılış 1:28 ayəsini oxuyur. Sonra insandan soruşur ki, Allah bəşər ailəsinin hansı şəraitdə və harada yaşamasını istəyirdi. Çoxları «yer üzündə, gözəl şəraitdə» deyə cavab verir. Sonra qardaş Əşiya 55:11 ayəsini oxuyub Allahın niyyətinin dəyişib-dəyişmədiyini soruşur. Adətən, insanlar «yox» deyə cavab verir. Sonda qardaş Zəbur 37:10, 11 ayələrini oxuyub bəşəriyyətin gələcəyinin necə olacağını soruşur. Qardaşın Müqəddəs Kitab əsasında bu cür söhbət aparması sayəsində bir çoxları başa düşüb ki, Allah hələ də yaxşı insanların yerüzü Cənnətdə əbədi yaşamasını istəyir.

Kiçik bir yaxşılıq, məsələn, adicə məktub yazmaq böyük məna kəsb edə bilər (16 və 17-ci abzaslara baxın)

16, 17. Məsəllər 3:27 ayəsini nəzərə alaraq, insanlara şəfqət duyduğumuzu hansı yollarla göstərə bilərik? Nümunə çəkin.

16 Dördüncüsü, insanların qayğısına qalmaq üçün yollar axtaraq. Misal üçün, ola bilsin, insana münasib olmayan vaxt gəlmişik. Üzrxahlıq edib başqa vaxt gəlməyi təklif etmək olar. Yaxud ola bilsin, ev sakinin yüngülvari köməyimizə ehtiyacı var. Ya da xəstəlik və ya qocalıq ucbatından evdən çıxa bilməyən biri üçün bazarlıq edə, yaxud hansısa işlərini görə bilərik. Bu kimi vəziyyətlərdə insanlara kömək etmiş olacağıq. (Məsəllər 3:27 ayəsini oxuyun.)

 17 Bir bacı ilk baxışdan kiçik görünən yaxşılıq sayəsində gözəl nəticələr əldə edib. O, övladını itirmiş bir ailəyə təsəlli vermək üçün məktub yazır. Məktubda Müqəddəs Kitabdan bəzi ayələri də qeyd edir. Bu ailə məktubu alanda hansı hissləri keçirir? Kədər içində olan ana cavabında bacıya yazmışdı: «Dünənki gün mənim üçün çox dəhşətli idi. Siz heç təsəvvür edə bilməzsiniz ki, məktubunuz ailəmizə necə təsəlli verdi. Sizə nə qədər təşəkkür etsəm azdır, sözlərinizin bizim üçün nə qədər dəyərli olduğunu izah edə bilmərəm. Dünən məktubunuzu azı 20 dəfə oxumuşam. Məktubda o qədər mehribanlıq, qayğı, təsəlli var idi ki... Sizə səmimi-qəlbdən təşəkkür edirik!» Şübhəsiz, əzab çəkən insanların hisslərini anlamağa çalışsaq və onlara kömək etsək, biz də gözəl nəticələr əldə edəcəyik.

MƏSULİYYƏTİMİZƏ TARAZLI YANAŞAQ

18. 1 Korinflilərə 3:6, 7 ayələrinə əsasən, hansı sahədə tarazlığı qorumalıyıq?

18 Sözsüz ki, xidmətdə üzərimizə düşən məsuliyyətə tarazlı yanaşmaq gərəkdir. İnsanların Yehovanı tanımasında müəyyən rolumuz olsa da, ən vacib rolu biz daşımırıq. (1 Korinflilərə 3:6, 7 ayələrini oxuyun.) Yehova Özü insanları cəlb edir (Yəh. 6:44). Nəticə etibarilə, insanın həqiqəti qəbul edib-etməməsi ürəyinin vəziyyətindən asılıdır (Mət. 13:4—8). Unutmayaq ki, İsa Məsihin bölüşdüyü xəbəri də çoxları qəbul etməmişdi, halbuki o, yer üzündə yaşamış ən dahi Müəllim idi! Odur ki, əgər insanlar təbliğ etdiyimiz xoş xəbərə hay vermirsə, ruhdan düşməməliyik.

19. Təbliğ etdiyimiz insanlara şəfqət göstərmək hansı faydaları gətirir?

19 Xidmətdə şəfqət göstərməyin sayəsində yaxşı nəticələr əldə edəcəyik. Həmçinin xidmətdə sevincimiz artacaq. Yaxşılıq etməyin bəxş etdiyi xoşbəxtliyi dadacağıq. Üstəlik, «əbədi həyata aparan yolda yeriməyə meyli olanların» xoş xəbərə daha asanlıqla hay verməsinə kömək edəcəyik (Həv. 13:48). Buna görə də gəlin «nə qədər ki əlimizdə fürsət var, hamıya... yaxşılıq edək» (Qal. 6:10). Onda Yehova Allahın adını ucaltdığımız üçün sevincimiz aşıb-daşacaq (Mət. 5:16).

NƏĞMƏ 64 Biçin işində sevinclə iştirak edək

^ abz. 5 İnsanlara anlayış göstərəndə həm onlar bizi dinləməyə daha meyilli olur, həm də xidmətdə sevincimiz artır. Məqalədə təbliğ etdiyimiz insanlara anlayış göstərməyimizə kömək edəcək dörd üsula nəzər salacağıq. Həmçinin bu sahədə İsa Məsihdən necə örnək ala biləcəyimizi araşdıracağıq.

^ abz. 5 BƏZİ İFADƏLƏRİN İZAHI. «Yazığı gəlmək» ifadəsi əzab çəkən, yaxud pis rəftara məruz qalan insanların halına acımaq mənasını verir. Bu hiss insanı başqasına kömək etmək üçün əlindən gələni etməyə təşviq edir.

^ abz. 8 «Gözətçi qülləsi» jurnalının 2014-cü il 15 may sayında yer alan «Xidmətdə qızıl qanunu unutma!» adlı məqaləyə baxın.

^ abz. 11 «Heç vaxt ümidini itirmə! Sergey Botankin» adlı videoya baxın. (JW Televiziyasında MÜSAHİBƏ VƏ HƏYAT HEKAYƏLƏRİ > HƏQİQƏT HƏYATLARI DƏYİŞİR bölməsinə daxil olun.)