Kontentə keç

Mündəricatı göstər

 BİOQRAFİYA

Həyatıma məna qatan zəngin mirasım

Həyatıma məna qatan zəngin mirasım

ZÜLMƏT gecədə önümüzdə təxminən 1,6 kilometr uzunluğunda sürətlə axan Niger çayı uzanırdı. Nigeriya vətəndaş müharibəsinin qızğın çağında çayın o tayına keçmək təhlükəli idi. Amma bir neçə dəfə riskə getməli olmuşduq. Bəs necə oldu ki, belə bir vəziyyətlə üzləşdim? Gəlin əvvəlcə mən doğulmazdan öncə olanları danışım.

Atam Con Mills 1913-cü ildə 25 yaşında Nyu-York şəhərində vəftiz olunub. Vəftiz məruzəsini Rassel qardaş söyləmişdi. Bir müddət sonra atam Trinidada gedir və orada bir bacı ilə, fəal Müqəddəs Kitab tədqiqatçısı olan Konstans Farmerlə ailə qurur. Atam dostu Vilyam Brauna «Yaradılış fotodramı»nın nümayişində kömək edirdi. Onlar 1923-cü ilə, ta ki Braun qardaşgil Qərbi Afrikaya köçənə qədər bu işi görüblər. Göydə yaşamaq ümidinə malik olan atamla anam isə Trinidadda xidmətlərini davam etmişdilər.

BİZİ SEVƏN VALİDEYNLƏRİMİZ

Valideynlərim doqquz uşaqdan ilkinə həmin vaxt «Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyəti»nin prezidenti olan Ruterford qardaşın adını vermişdilər. 1922-ci il dekabr ayının 30-u mən dünyaya gəlmişəm. Mənə isə «Qızıl əsr» (indi «Oyanın!» adlanır) jurnalının redaktoru olan Kleyton Vudvord qardaşın adını qoyublar. Valideynlərimiz bizim hamımızın orta təhsil almasının qeydinə qalıb, lakin onlar bizi əsasən ruhani məqsədlər qoymağa təşviq edirdilər. Anam Müqəddəs Kitabdan əsaslı dəlillər gətirməyi mükəmməl şəkildə bacarırdı. Atam bizə Müqəddəs Kitab hekayələri danışmağı çox sevirdi. Personajları təqlid etməsi sayəsində Kəlamdakı hadisələri təsəvvürümüzdə canlandıra bilirdik.

Valideynlərimin zəhməti yaxşı bəhrələr verdi. Beş qardaşdan üçümüz Gilad Məktəbini oxuduq. Bacılarımın üçü uzun illər Trinidad və Tobaqoda öncül kimi xidmət ediblər. Valideynlərimin təlim üsulu və qoyduğu yaxşı nümunənin köməyi sayəsində biz, sanki «Yehovanın evində» böyüyüb kök atdıq. Onların dəstəyi bizə «Allahımızın həyətində» qalmağa və orada çiçək açmağa kömək etdi (Zəb. 92:13).

Evimiz təbliğ fəaliyyətinin mərkəzinə çevrilmişdi. Öncüllər tez-tez bizə yığışıb Trinidadda xidmət etmiş kanadalı qardaş Corc Yanq haqda maraqlı söhbətlər edirdilər. Valideynlərim  artıq Qərbi Afrikada olan keçmiş əməkdaşları Braun qardaşgil haqda çox şövqlə danışırdılar. Bütün bu şeylər məni 10 yaşımda təbliğ xidmətinə başlamağa təşviq etdi.

FƏALİYYƏTİMİN BAŞLANĞICI

O vaxtlar jurnallarımızda yalan din, acgöz kommersiya və çirkin siyasətlə bağlı odlu-alovlu məqalələr dərc olunurdu. Nəticədə, 1936-cı ildə kilsə hökumətin «Gözətçi Qülləsi» cəmiyyətinin nəşrlərini qadağan etməsinə nail oldu. Ədəbiyyatlarımızı gizlətdik, amma yenə də onları istifadə edirdik, ta o vaxta qədər ki, bir nəşr də qalmadı. Biz məlumat vərəqələri və plakatlardan istifadə edərək məlumat yürüşləri və velosiped paradları keçirirdik. Tunapuna şəhərindən səsli maşınla təbliğ edən bir qrupla bərabər Trinidadın hətta ən ucqar ərazilərində də təbliğ edirdik. Bu möhtəşəm idi! Belə bir ruhani mühitdə olmağın sayəsində 16 yaşımda vəftiz olundum.

Tunapunanın səsli maşınla təbliğ edən qrupu

Ailəmin ruhani mirası və kiçik yaşlardan xidmətdə bu cür iştirak etmək məndə xüsusi təyinatlı müjdəçi olmaq istəyi oyatdı. 1944-cü ildə Arubaya gedib Edmant Kamminqs qardaşla əməkdaşlıq edəndə də bu istəyim sönməmişdi. 1945-ci ildə orada 10 nəfər yığışıb anma mərasimini keçirəndə çox sevinmişdik. Növbəti il bu adada ilk yığıncaq yarandı.

Oris həyatıma yeni rəng qatdı

Qısa müddət sonra bir xanım iş yoldaşıma, Oris Vilyamsa təbliğ elədim. Oris var gücü ilə çalışırdı ki, inandığı təlimlərin düz olduğunu sübut etsin. Amma Müqəddəs Kitabı araşdırdıqca orada əslində nə deyildiyini öyrəndi və beləcə, 1947-ci il yanvarın 5-i vəftiz olundu. Bir müddət sonra görüşməyə başladıq və ailə qurduq. 1950-ci ilin noyabr ayında Oris öncül xidmətinə başladı. O, həyatıma yeni rəng qatdı.

NİGERİYADA UNUDULMAZ XİDMƏT İLLƏRİ

1955-ci ildə Gilad məktəbinə dəvət olunduq. Bunun üçün işdən çıxdıq, evimizi və digər əşyalarımızı satdıq və Aruba ilə vidalaşdıq. 1956-cı il iyul ayının 29-u Gilad məktəbinin 27-ci sinfini bitirib Nigeriyaya təyin olunduq.

Beytel ailəsi ilə birgə Nigeriyanın Laqos şəhərində, 1957-ci il

Oris ötən günləri xatırlayaraq demişdi: «Yehovanın ruhu insana xüsusi təyinatlı xidmətin eniş-yoxuşlarına uyğunlaşmağa kömək edir. Yoldaşımdan fərqli olaraq, mən heç vaxt xüsusi təyinatlı müjdəçi olmaq istəməmişəm. Əksinə, evimdə oturub oğul-uşaq böyütmək istəyirdim. Lakin xoş xəbərin təbliğinin nə qədər təcili olduğunu dərk edəndə fikrimi dəyişdim. Giladı bitirəndə xüsusi təyinatlı müjdəçi olaraq təbliğ etməyə hazır və qətiyyətli idim. “Şahzadə Meri” gəmisinə minəndə Norr qardaşın ofisində çalışan Vors Tornton adlı qardaş bizə: “Yaxşı yol! Siz Beyteldə xidmət edəcəksiniz”, — dedi. Mən “ay da, yox” deyib köks ötürdüm. Amma Beytelə tez uyğunlaşdım, oranı sevməyə başladım. Müxtəlif təyinatlarda işlədim, amma ən çox resepşn işindən xoşum gəlirdi. İnsanları sevirəm və bu işin sayəsində nigeriyalı bacı-qardaşlarla ünsiyyətdə olmaq imkanım yaranırdı. Çoxları ora çatanda yorğun, ac-susuz, toz-torpaq içində olurdu. Onları lazım olan şeylərlə təmin edərək rahatlıqlarının qeydinə qalmaq çox xoş idi. Bütün bunlar müqəddəs xidmətin bir hissəsidir və mənə böyük xoşbəxtlik, məmnunluq bəxş edirdi». Doğrudan da, aldığımız hər təyinat mənalı, gözəl həyat sürməyimizə kömək edirdi.

1961-ci ildə Trinidadda ailəlikcə yığışmışdıq. Braun qardaş Afrikadakı xidmətlərindən bəzi maraqlı hadisələr danışdı. Mən isə Nigeriyadakı artım haqda danışdım. Braun qardaş əlini çiynimə qoyub atama dedi: «Con, görürsən, siz heç Afrikada olmamısınız, Vudvord isə gedib ora çıxıb». Atam da mənə: «İrəli, oğlum, irəli!» — dedi. Bu ruhani veteranlardan aldığım dəstək xidmətimi dolğun şəkildə yerinə yetirmək əzmimi möhkəmləndirdi.

«Bibliya Braun» ləqəbli Vilyam Braun qardaş və həyat yoldaşı Antoniya bizə çox dəstək olub

1962-ci ildə on ay davam edən Gilad məktəbinin 37-ci sinfində əlavə təlim almaq imkanım oldu. Həmin vaxt Nigeriyada filial nəzarətçisi olan Vilfred Quç qardaş Gilad məktəbinin 38-ci sinfini bitirib İngiltərəyə təyin olunduğuna görə filial nəzarətçisi olmaq mənə həvalə olundu. Braun qardaşdan örnək alaraq, mən də çoxlu səyahətlər edib Nigeriyadakı bacı-qardaşlarla yaxından tanış olurdum və get-gedə onları daha çox sevirdim. Onlar inkişaf etmiş ölkələrdə hamının gündəlik istifadə etdiyi maddi şeylərə sahib deyildilər. Amma  üzlərindəki sevinc və həyatdan duyduqları məmnunluq aydın göstərirdi ki, həyatın mənası maddiyyatda deyil. Şəraitlərini nəzərə alaraq, onların yığıncağa necə təmiz, səliqəli, layiqli geyinib gəlmələri məni valeh edirdi. Toplantılara gələndə çoxusu yük maşınlarında və bolekajalarda * (həmin ərazidə düzəldilən açıq tipli avtobuslar) gəlirdi. Çox vaxt bu avtobusların üzərində maraqlı şüarlar olurdu. Məsələn, bir şüar belə idi: «Dama-dama göl olar».

Bəli, bu sözlər doğrudur! Çəkilən hər zəhmət önəmlidir. Orislə mən də öz töhfəmizi vermişik. Nigeriya 1974-cü ildə Birləşmiş Ştatlardan sonra təbliğçilərinin sayı 100 000-ə çatan ilk ölkə oldu. Təbliğ işi bu ölkədə geniş vüsət almışdı!

Bu inkişafın getdiyi müddətdə Nigeriyada vətəndaş müharibəsi (1967—1970) tüğyan edirdi. Niger çayının Biafra hissəsində olan bacı-qardaşların aylarla filialla əlaqəsi olmadı. Onlara nəşrləri çatdırmalıydıq, bu bizim borcumuz idi. Əvvəldə qeyd etdiyim kimi, duanın, Yehovaya güvənməyin sayəsində bir neçə dəfə çayı keçdik.

Həyatımızı riskə atıb Niger çayından keçdiyimiz günlər indiyə kimi yadımdadır. Hər an qəzəb dolu əsgərlərə rast gəlmək, xəstəliyə tutulmaq kimi təhlükələrlə üz-üzə idik. Dövlət qoşunlarının yanından keçmək özü-özlüyündə təhlükəli idisə, blokadada olan Biafra ərazisindən keçmək bundan qat-qat qorxulu idi. Bir gecə sürətlə axan Niger çayını sərnişin daşıyan bir qayıqla Asabadan Oniçaya keçib Enuqudakı yığıncaq nəzarətçilərini ruhlandırmağa getmişdim. Bir dəfə də Aba şəhərində axşamlar işıq yandırmaq qadağa olduğu vaxt ora gedib ağsaqqalları möhkəmləndirmişdim. Başqa bir vaxt isə dövlət qoşunları Biafra müdafiəsini yaranda Port-Harkortda yığıncaq görüşünü tez-tələsik dua ilə yekunlaşdırmalı olmuşduq.

Həmin vaxt bu görüşlərin olması olduqca vacib idi. Çünki qardaşlar Yehovanın məhəbbətinə əmin olmağa, bitərəflik və birliyi qorumaqla bağlı göstərişlər almağa son dərəcə ehtiyac duyurdular. Nigeriyalı bacı-qardaşlar bu dəhşətli müharibə dövründəki çətinliklərə uğurla tab gətirdilər. Onlar qəbilələrarası nifrətə üstün gələn məhəbbət təzahür etdirdilər və məsihi birliyini qorudular. Belə ağır dönəmdə onların yanında olmaq mənim üçün böyük şərəf idi!

1969-cu ildə Milton Henşel qardaş «Yanki» stadionunda keçirilən «Yer üzündə sülh» adlı beynəlxalq toplantıya sədrlik edirdi, mən isə onun köməkçisi idim. Ondan çox şey öyrəndim! Bu təlim lap yerinə düşdü, çünki tezliklə 1970-ci ildə Nigeriyanın Laqos şəhərində keçiriləcək «Allahın bəyəndiyi insanlar» adlı beynəlxalq toplantının təşkilinə başladıq. Vətəndaş müharibəsindən dərhal sonra belə bir toplantını uğurla keçirməyimiz yalnız Yehovanın xeyir-duası sayəsində mümkün idi. 17 dildə keçirilən bu möhtəşəm toplantıda 121 128 nəfər iştirak etmişdi. Amerika və İngiltərədən çarter uçuşlarla gələn qonaqlar, eləcə də Norr və Henşel qardaş Əllinci gün bayramından bu yana olan ən böyük vəftizlərdən birinin — 3775 nəfərin vəftizinə şahid olmuşdular! Düşünürəm ki, hələ heç vaxt bu toplantı ərəfəsindəki qədər məşğul olmamışam. Ölkədə nəinki təbliğçilərin sayı artırdı, hətta artım inanılmaz sürətlə davam edirdi!

«Allahın bəyəndiyi insanlar» adlı beynəlxalq toplantıda, İbo dili də daxil olmaqla, 17 fərqli dildə danışan 121 128 insan iştirak etmişdi

Nigeriyada xidmət etdiyim 30 ildən çox vaxt ərzində vaxtaşırı olaraq Qərbi Afrikada səyyar nəzarətçi və filiallar üzrə nəzarətçi kimi xidmət etmişəm. Xüsusi təyinatlı müjdəçilərlə şəxsən maraqlananda, onları ruhlandıranda o qədər minnətdarlıq edirdilər ki! Onlara unudulmadıqlarına dair əminlik vermək mənə böyük sevinc bəxş edirdi. Bu iş sayəsində bacı-qardaşlara ayrı-ayrılıqda diqqət göstərməyin nə qədər vacib olduğunu öyrəndim. Bu, onların xidmətlərini davam etməsində və Yehovanın təşkilatındakı birliyi və möhkəmliyi qorumasında əvəzsiz rol oynayır.

Vətəndaş müharibəsi və xəstəliklər ucbatından yaranan çətinliklərin öhdəsindən yalnız Yehovanın köməyi sayəsində gələ bildik. Onun əlinin üzərimizdə olduğunu həmişə hiss edirdik. Oris demişdi:

 «İkimiz də bir neçə dəfə malyariyaya tutulmuşduq. Bir dəfə Vudvordu huşunu itirdiyinə görə Laqosdakı xəstəxanaya aparmalı olduq. Həkim mənə onun ölə biləcəyini dedi. Şükür Allaha ki, ona heç nə olmadı! Huşu özünə gələndən sonra ona qulluq edən tibb qardaşına Allahın Padşahlığı haqda danışmağa başlamışdı. Sonralar mən də Vudvordla Nvambive adlı bu kişinin Müqəddəs Kitaba olan marağını artırmağa getmişdim. O, həqiqəti qəbul etdi və bir müddət sonra Abada ağsaqqal kimi xidmət elədi. Mən də bir çoxlarına, hətta dinlərinə çox bağlı olan müsəlmanlara Yehovanın sədaqətli xidmətçisi olmağa kömək etmişəm. Nigeriya xalqını, onların mədəniyyətini, adət-ənənələrini və dillərini öyrənmək, onları sevmək bizə xoş idi».

Öyrəndiyimiz növbəti dərs bu idi: Başqa ölkədə xidmətimizin uğurlu olmasını istəyiriksə, mədəniyyətlərimiz arasında fərqə baxmayaraq, bacı-qardaşları sevməyi bacarmalıyıq.

YENİ TƏYİNATLAR

Nigeriyadakı Beytel xidmətimizdən sonra 1987-ci ildə Karibin Sent-Lüsiya adasında xüsusi təyinatlı müjdəçi olaraq sahə xidmətinə təyin olunduq. Bu, çox gözəl təyinat idi, lakin özünəməxsus çətinlikləri var idi. Afrikada problem kişilərin çoxlu arvad alması idisə, Sent-Lüsiyada problem cütlüklərin nikahsız yaşaması idi. Allahın Kəlamının gücü sayəsində Müqəddəs Kitabı öyrənənlərin çoxu həyatlarında lazımi dəyişikliklər etdi.

68 illik evliliyimiz boyu Orisi dərin məhəbbətlə sevmişəm

Yaş öz sözünü deyirdi, artıq gücümüz azaldığına görə Rəhbərlik Şurası qayğımıza qalaraq 2005-ci ildə bizi Bruklindəki (Nyu-York, ABŞ) baş idarəyə köçürtdü. Yehovaya o qədər minnətdaram ki, mənə Oris kimi gözəl həyat yoldaşı bəxş edib. Amansız ölüm 2015-ci ildə onu məndən ayırdı. Bunun nə qədər ağır olduğunu ifadə edə bilmərəm. O, bənzərsiz əməkdaş, valehedici xüsusiyyətləri olan sevgi dolu həyat yoldaşı idi. 68 il onu dərin məhəbbətlə sevmişəm. Öyrəndik ki, istər ailə həyatında, istərsə də yığıncaqda xoşbəxt olmağın formulu budur: başçılığa hörmətlə yanaş, səmimi-qəlbdən bağışla, təvazökar qal və ruhun bəhrəsini əks etdir.

Məyusluğa qapıldığımız, ruhdan düşdüyümüz anlarda xidmətimizi davam etmək üçün Yehovanın dəstəyinə arxalanırdıq. Hər dəfə şəraitə uyğunlaşdıqca vəziyyətin yaxşılığa doğru dəyişdiyini görürdük və bilirdik ki, gələcəkdə daha da yaxşı olacaq! (Əşy. 60:17; 2 Kor. 13:11).

Yehova valideynlərimin və digər bacı-qardaşların Trinidad və Tobaqoda çəkdiyi zəhmətə xeyir-bərəkət verdi. Belə ki, son hesabata görə, orada artıq 9892 nəfər həqiqi ibadətin tərəfindədir. Bundan başqa, bir vaxtlar mənim də getdiyim Aruba şəhərindəki ilk yığıncağı möhkəmləndirmək üçün bacı-qardaşlar çox çalışıblar. İndi həmin adada günbəgün çiçəklənən 14 yığıncaq fəaliyyət göstərir. Nigeriyada sayı 381 398-ə çatan güclü təbliğçi ordusu var. Sent-Lüsiyada isə Yehovanın Padşahlığını 783 nəfər dəstəkləyir.

Yaşım doxsanı haqlayıb. Yehovanın evində böyüyüb kök atan insanlar haqda Zəbur 92:14 ayəsində belə deyilir: «Saçları ağaranda da bar verəcəklər, sapsağlam, təravətli olacaqlar». Ömrümü Yehovaya xidmətə həsr edə bildiyimə görə Ona çox minnətdaram. Aldığım zəngin məsihi mirası mənə bütünlüklə Yehovaya xidmət etməyə kömək etdi. Məhəbbətli Allahım Yehova «həyətində çiçək» açmağıma izin verdi (Zəb. 92:13).

^ abz. 18 «Oyanın!» jurnalının 1972-ci il 8 mart sayının 24—26 səhifələrinə (ing.) baxın.