Kontentə keç

Mündəricatı göstər

 TƏLİM MƏQALƏSİ 7

Həlimliyə can ataraq Yehovanı razı salın

Həlimliyə can ataraq Yehovanı razı salın

«Yehovaya can atın, ey dünyanın həlimləri... Həlimliyə can atın» (SƏF. 2:3).

NƏĞMƏ 80 «Dadın, görün necə gözəldir Yehova»

İCMAL *

1, 2. a) Müqəddəs Kitabda Musa peyğəmbər və onun etdikləri haqda nə yazılıb? b) Həlimlik xüsusiyyətini yetişdirmək üçün hansı əsaslı səbəbimiz var?

MÜQƏDDƏS KİTABDA deyilir ki, «dünyada Musa kimi həlim adam yox idi» (Say. 12:3). Bəs bu o deməkdirmi ki, Musa peyğəmbər zəif, qərarsız, problemlərdən qaçan insan idi? Bəziləri həlim insanı məhz belə təsvir edir. Amma bu cür düşüncə həqiqətdən uzaqdır. Musa peyğəmbər möhkəm, qətiyyətli və cəsarətli insan idi. Yehova Allahın köməyi ilə o, Misirin qüdrətli hökmdarının qarşısına çıxmışdı, səhra boyu güman ki, 3 000 000-a yaxın insana başçılıq etmişdi və İsrail xalqına düşmənlərə qarşı mübarizə aparmağa kömək etmişdi.

2 Musa peyğəmbərin üzləşdiyi problemlərlə üzləşməsək də, hər gün həlimliyi qorumağı çətinləşdirən insanlar və vəziyyətlərlə üzləşirik. Bununla belə, bu xüsusiyyəti özümüzdə yetişdirmək üçün əsaslı səbəbimiz var. Yehova Allah vəd edib ki, «həlimlər yer üzünə sahib olacaq» (Zəb. 37:11). Siz özünüzü həlim insan hesab edirsiniz? Bəs başqaları sizin haqda nə düşünür? Bu vacib suallara cavab verməzdən öncə həlimliyin nə demək olduğunu bilməliyik.

HƏLİMLİK NƏDİR?

3, 4. a) Həlimliyi nəyə bənzətmək olar? b) Həlim olmaq üçün bizdə hansı dörd xüsusiyyət olmalıdır və nə üçün?

3 Həlimlik * xüsusiyyətini gözəl rəsm əsərinə bənzətmək  olar. Hansı mənada? Rəssam müxtəlif rənglərdən istifadə edərək gözəl bir rəsm ərsəyə gətirdiyi kimi, biz də özümüzdə bir sıra gözəl xüsusiyyətləri cəm edərək həlim ola bilərik. Bunlar təvazökarlıq, itaətkarlıq, mülayimlik və mətanət kimi xüsusiyyətlərdir. Nəyə görə Yehova Allahın razılığını qazanmaq istəyən insan bu xüsusiyyətlərə sahib olmalıdır?

4 Yalnız təvazökar insan Allahın iradəsinə itaət edir. Allahın iradəsinə isə bizim mülayim olmağımız daxildir (Qal. 5:23; Tit. 3:2). Onun istədiyi kimi davrananda Şeytanı qəzəbləndiririk. Buna görə də təvazökar və mülayim olsaq da, Şeytan dünyasında yaşayan bir çox insan bizə nifrət edir (Yəh. 15:18, 19). Odur ki, Şeytana qarşı durmaq üçün bizə mətin olmaq gərəkdir.

5, 6. a) Nə üçün Şeytan həlim insanlara nifrət edir? b) Hansı suallara cavab tapacağıq?

5 Həlimlikdən fərqli olaraq, məğrurluq xüsusiyyətinə sahib olanlar qəzəbi cilovlaya bilmir və Yehova Allaha itaət etmirlər. Bunun bariz nümunəsi Şeytandır. Təəccüblü deyil ki, o, həlim insanlara nifrət edir. Çünki həlimlər öz gözəl xüsusiyyətləri ilə Şeytanın nə qədər pis olduğunu göstərirlər. Yalançı olduğunu sübut etmələri isə onu lap özündən çıxarır. Nə üçün? Çünki o, nə etsə də, nə desə də, həlim insanları Yehovaya ibadətdən saxlaya bilmir (Əyy. 2:3—5).

6 Bəs həlim olmaq nə zaman çətin ola bilər? Nəyə görə həlimliyə can atmaq vacibdir? Bu suallara Musa peyğəmbərin, Babildə əsarətdə olan üç ibrani gəncin və İsa Məsihin nümunəsi əsasında cavab tapacağıq.

HƏLİM OLMAQ NƏ ZAMAN ÇƏTİNDİR?

7, 8. Musa peyğəmbər özünə qarşı hörmətsizlik görəndə necə davrandı?

7 Səlahiyyət sahibi olanda. Səlahiyyət sahibi olan insan üçün həlim olmaq çətin ola bilər. Xüsusilə də əgər tabeliyində olan kəs ona hörmətsizlik edir və idarəetmə tərzini bəyənmirsə. Siz nə vaxtsa belə vəziyyətlə üzləşmisiniz? Ailə üzvünüz sizinlə bu cür davransaydı, nə edərdiniz? Gəlin görək Musa peyğəmbər belə vəziyyətdə necə davranmışdı.

8 Yehova Musa peyğəmbəri İsrail xalqına rəhbər təyin etmişdi və ona xalq üçün  qanunlar yazmağı buyurmuşdu. Yehovanın ona dəstək olduğu aydın görünürdü. Bununla belə, peyğəmbərin doğma bacı-qardaşı Məryəmlə Harun onun əleyhinə danışmağa və seçdiyi arvada görə onu qınamağa başlayır. Yəqin ki, Musa peyğəmbərin yerinə başqası olsa idi qəzəblənib onlardan qisas alardı. Amma peyğəmbər belə davranmır. O, tez inciyib-küsən insan deyildi. Hətta cəza almış Məryəmə şəfa verməsi üçün Yehovaya yalvarır (Say. 12:1—13). Peyğəmbər nə üçün belə davranmışdı?

Musa peyğəmbər Yehovaya yalvarır ki, cəza almış Məryəmə şəfa versin (8-ci abzasa baxın)

9, 10. a) Yehova Musa peyğəmbərə nəyi anlamağa kömək etdi? b) Ailə başçıları və ağsaqqallar peyğəmbərdən nə öyrənə bilər?

9 Musa peyğəmbər Yehovanın təlimini qəbul edirdi. Təxminən 40 il öncə, Misir hökmdarının ailə üzvü olan zaman o, həlim deyildi. Hətta o qədər tez özündən çıxan insan idi ki, bir misirlinin ədalətsizlik etdiyinə qərar verib onu öldürmüşdü. Hələ bir əmin idi ki, Yehova onun hərəkətindən razı qalacaq. Yehova düz 40 il ərzində peyğəmbərə təlim verdi, başa saldı ki, israillilərə rəhbərlik etmək üçün cəsarət kifayət deyil, o, həlim olmalıdır. Həlim olmaq üçün isə ona təvazökar, itaətkar və mülayim olmaq gərək idi. Peyğəmbər Yehovanın təlimini yaxşı qavradı və gözəl başçı oldu (Çıx. 2:11, 12; Həv. 7:21—30, 36).

10 Bu gün ailə başçıları və ağsaqqallar Musa peyğəmbərdən örnək almalıdır. Özünüzə qarşı hörmətsizlik görəndə tez inciməyin. Təvazökarlıqla səhvlərinizi boynunuza alın (Vaiz 7:9, 20). Problemlərin həllində itaətkarlıqla Yehovanın göstərişlərinə riayət edin və həmişə mülayim cavab verin (Məs. 15:1). Bu cür davranan ailə başçıları və ağsaqqallar Yehovanın ürəyini sevindirir, sülhü qorumağa kömək edir və həlim olmaqda gözəl nümunə qoyur.

11—13. Üç ibrani gəncdən nə öyrənirik?

11 Təqib olunanda. Yehovanın xalqı tarix boyu hökmdarlar, rəhbərlər tərəfindən təqib olunub. Bizi nahaq yerə hər hansı qanunu pozmaqda ittiham etsələr də, onları qəzəbləndirən əsl səbəb «insanlara yox, hökmdarımız Allaha» itaət etməyimizdir (Həv. 5:29). Ola bilsin, rişxənd olunacağıq, həbsə salınacağıq, hətta kobud rəftara məruz qalacağıq. Lakin Yehovanın köməyi sayəsində sınaqlar zamanı sakitliyimizi qoruya və əvəz çıxmaya bilərik.

12 Gəlin Babilə sürgün olunan üç ibrani gəncin — Hənaniyyə, Müsail və Əzriyanın nümunəsini xatırlayaq *. Babil hökmdarı  onlara qızıl heykələ səcdə qılmağı əmr etmişdi. Onlar bu heykələ nə üçün baş əymədiklərini padşaha mülayimliklə izah etmişdilər. Hətta qızmar sobaya atılacaqlarını bilsələr də, bu gənclər Allaha itaətkar qaldı. Yehova onları dərhal xilas etdi, halbuki onlar buna arxayın olaraq belə davranmamışdı. Bu gənclər istənilən aqibətlə üzləşməyə hazır idi (Dən. 3:1, 8—28). Beləcə, onlar sübut etdilər ki, həlim insanlar sözün əsl mənasında cəsarətlidir. Heç bir padşah, heç bir hədə-qorxu, heç bir cəza Allahımız Yehovaya «tam sədaqət» göstərmək əzmimizi sarsıda bilməz (Çıx. 20:4, 5).

13 Yehovaya sədaqətimiz sınanan zaman bu üç ibrani gənci necə təqlid edə bilərik? Təvazökar olmalı və Allahımız Yehovanın qeydimizə qalacağına inanmalıyıq (Zəb. 118:6, 7). Bizi nahaq yerə günahlandıranda mülayim və hörmətcil cavab verməliyik (1 But. 3:15). Həmçinin məhəbbətli Yaradanımızla dostluğumuza xələl gətirəcək istənilən hərəkəti qətiyyətlə rədd etməliyik.

Bizə qarşı çıxan insanlarla hörmətcil danışaq (13-cü abzasa baxın)

14, 15. a) Stress keçirəndə nə baş verə bilər? b) Əşiya 53:7, 10 ayələrinə əsasən, nəyə görə İsa Məsih gərgin vəziyyətdə həlimliyi qorumağa dair ən mükəmməl nümunədir?

14 Stress keçirəndə. Hər birimiz müxtəlif səbəblərə görə stress keçiririk. Ola bilsin, məktəbdə imtahan verməzdən öncə və ya işdə hansısa tapşırığı yerinə yetirəndə gərginlik keçiririk. Yaxud da sadəcə olaraq keçməli olduğumuz hər hansı tibbi prosedur haqda düşünmək bizi stressə sala bilər. Stress keçirəndə həlimliyi qorumaq çətin olur. Bu zaman adətən bizi narahat etməyən şeylərə belə, qıcıqlana bilərik. Sözlərimiz sərt, soyuq ola bilər. Stressli məqamlarda İsa Məsihin nümunəsi bizə kömək edəcək.

15 Yerüzü həyatının sonuncu aylarında İsa Məsih güclü gərginlik altında idi. O bilirdi ki, işgəncələrə məruz qalacaq və edam olunacaq (Yəh. 3:14, 15; Qal. 3:13). Ölümündən bir neçə ay öncə o, ürəyinin bərk sıxıldığını demişdi (Luka 12:50). Edam olunmasına bir neçə gün qalmış da eyni sözləri təkrarlamışdı. Onun duada ürəyini Yehovaya boşaldan zaman dediyi sözlərdən nə qədər təvazökar və itaətkar olduğu görünür. İsa demişdi: «Ata, məni bu sınaqdan qurtar. Hərçənd mən elə bu gün üçün gəlmişəm. Ata, Öz adını ucalt» (Yəh. 12:27, 28). Vədə yetişəndə Məsih cəsarətlə özünü Allahın düşmənlərinə təslim etdi. Onların əlindən olmazın əzab və təhqirlərə məruz qaldı. Bu cür ağır vəziyyətdə olmasına, iztirab çəkməsinə baxmayaraq, Məsih həlimliklə Yehovanın iradəsini yerinə yetirdi. Əminliklə demək olar ki, Məsih gərgin vəziyyətdə həlimliyi qorumağa dair ən mükəmməl nümunədir. (Əşiya 53:7, 10 ayələrini oxuyun.)

İsa Məsih əsl həlimlik örnəyidir (16 və 17-ci abzaslara baxın) *

16, 17. a) İsa Məsihin dostları onun həlimliyini necə sınağa çəkmişdilər? b) İsa Məsihə necə bənzəyə bilərik?

16 Yerüzü həyatının sonuncu gecəsi İsa Məsihin ən yaxın dostları onun həlimliyini sınağa çəkmişdi. Həmin gecə Məsihin necə gərgin olduğunu təsəvvür edin. Görəsən o, ölənəcən sədaqətli qala biləcək? Axı milyardlarla insanın həyatı ondan asılıdır (Rom. 5:18, 19). Ən əsası isə bu məsələnin Yehovanın adının təmizə çıxması ilə birbaşa əlaqəsi var (Əyy. 2:4). Belə bir məqamda ən yaxın dostları ilə sonuncu dəfə şam yeməyi yeyən zaman onların arasında kimin daha böyük olması üstündə «qızğın mübahisə» düşür. Məsih bu məsələ ilə bağlı onlara dəfələrlə düzəliş vermişdi, elə həmin axşam da bu haqda danışmışdı. Amma həvarilərinin  mübahisəsi Məsihi özündən çıxarmır, əksinə, onlarla mülayim danışır. İsa Məsih nəzakətli, eyni zamanda qəti şəkildə onlara hansı əhval-ruhiyyəni təzahür etdirməli olduqlarını yenidən izah edir. Sonra isə sədaqətlə ona dəstək olduqlarına görə dostlarını tərifləyir (Luka 22:24—28; Yəh. 13:1—5, 12—15).

17 Eyni vəziyyətlə siz üzləşsəydiniz, necə davranardınız? Hətta stressli anlarımızda belə, Məsihdən örnək alaraq mülayim davrana bilərik. Yehovanın «bir-birinizə qarşı həmişə səbirli olun» göstərişinə itaətkarlıqla əməl etməliyik (Kol. 3:13). Hər birimizin sözdə və əməldə başqalarını incitdiyini yadda saxlasaq, bu əmrə əməl etmək asan olacaq (Məs. 12:18; Yaq. 3:2, 5). Bundan əlavə, başqalarını gözəl cəhətlərinə görə tərifləməliyik (Efes. 4:29).

NƏYƏ GÖRƏ HƏLİMLİYƏ CAN ATMAQ VACİBDİR?

18. Yehova həlim insanlara düzgün qərar verməkdə necə kömək edir, bəs onlardan nə gözlənilir?

18 Daha yaxşı qərarlar verəcəyik. Əgər həlim olsaq, çətin qərarlar qarşısında qalanda Yehova bizə düzgün qərar verməyə kömək edəcək. O, «həlimlərin diləyini» eşidəcəyini vəd edir (Zəb. 10:17). Bundan əlavə, Müqəddəs Kitabda yazılıb: «O, həlimləri doğruluğa yönəldər, onlara Öz yolunu öyrədər» (Zəb. 25:9). Yehova Öz Kəlamı, eləcə də sadiq və ağıllı nökərin təqdim etdiyi nəşrlər * və digər proqramlar vasitəsilə bizə yol göstərir (Mət. 24:45—47). Biz də öz tərəfimizdən Yehovanın köməyinə ehtiyac duyduğumuzu təvazökarlıqla qəbul etməli, bu materialları araşdırmalı, öyrəndiklərimizə itaətkarlıqla əməl etməliyik.

19—21. Musa peyğəmbər Qədisdə olanda hansı səhvə yol verdi və bundan hansı dərsi götürürük?

19 Səhvlərə yol verməyəcəyik. Musa peyğəmbəri bir də yadımıza salaq. O, uzun illər ərzində həlim idi və Yehovanı razı salırdı. Lakin səhrada 40 il sürən ağır səyahətin sonuna yaxın peyğəmbər həlimlik xüsusiyyətini itirir. İsraillilər Qədisdə düşərgə salmışdı, peyğəmbər bacısını, ehtimal ki, Misirdə onun həyatını xilas edən bacısını təzəlikcə dəfn edib. Və budur, xalq yenidən yetərincə təmin olunmadığını iddia etməyə başlayır. Onlar bu dəfə Musa ilə su qıtlığına görə dalaşır. Yehovanın  peyğəmbər vasitəsilə göstərdiyi möcüzələrə və peyğəmbərin uzun illər fədakarlıqla xalqa başçılıq etməsinə rəğmən, camaat deyinməyə başlayır. Amma onlar təkcə su qıtlığına görə yox, Musa barədə də giley-güzar edirlər, sanki onların susuz qalmalarının günahkarı Musa peyğəmbər idi (Say. 20:1—5, 9—11).

20 Qəzəbdən alışıb-yanan peyğəmbər həlimliyini itirir. Yehovanın əmr etdiyi kimi, imanla qayaya «su ver» demək əvəzinə, camaata acıqlanır və Yehovaya məxsus şərəfi öz üzərinə götürür. Sonra qayaya iki dəfə vurur və qayadan su çıxır. Qürur və qəzəb onun ciddi səhvə yol verməsinə gətirib çıxarır (Zəb. 106:32, 33). Bir anlıq həlimliyini itirməsi ucbatından o, Vəd edilmiş diyara daxil olmaq imkanından məhrum olur (Say. 20:12).

21 Bu hadisədən vacib dərslər öyrənirik. Əvvəla, həlimliyi qorumaq üçün üzərimizdə daima işləməliyik. Həlimliyi bir anlıq belə itirsək, qürur baş qaldıra bilər, nəticədə sözdə və hərəkətdə düşüncəsizliyə yol verərik. İkincisi, stress həlimliyimizi qorumağı çətinləşdirə bilər. Buna görə də hətta gərgin vəziyyətdə belə, həlimliyi qorumağa can atmalıyıq.

22, 23. a) Nə üçün həlimliyə can atmalıyıq? b) Səfənya 2:3 ayəsindəki sözlər nəyi göstərir?

22 Hifz olunacağıq. Çox tezliklə Yehova Allah bütün pis insanların kökünü kəsəcək, yalnız həlimlər sağ qalacaq. O zaman dünyada əsl sülh hökm sürəcək (Zəb. 37:10, 11). Bəs siz həmin həlim insanların arasında olacaqsınız? Əgər Yehovanın Səfənya kitabında səslədiyi çağırışa hay versəniz, ola bilərsiniz. (Səfənya 2:3 ayəsini oxuyun.)

23 Bəs nəyə görə Səfənya 2:3 ayəsində «bəlkə» qurtula bildiniz deyilir? Bu o demək deyil ki, Yehova Onu sevən, Onu razı salmaq istəyən insanları qorumağa qadir deyil. Əksinə, göstərir ki, hifz olunmaq istəyiriksə, biz də öz tərəfimizdən nə isə etməliyik. Bizim «Yehovanın qəzəb günündə» qurtulmaq və əbədi yaşamaq imkanımız var. Amma bunun üçün indidən həlimliyə can ataraq Yehovanın bəyəndiyi kimi yaşamalıyıq.

NƏĞMƏ 120 Məsih kimi həlim olun

^ abz. 5 Həlimlik xüsusiyyəti ilə doğulmuruq, bu xüsusiyyəti yetişdirməliyik. Sülhpərvər insanlara qarşı həlim olmaq asandır, amma qabağımıza özündənrazı insanlar çıxanda həlim qalmaq çətin ola bilər. Bu məqalədə həlimlik kimi gözəl xüsusiyyəti yetişdirmək üçün aşmalı olduğumuz bəzi maneələrdən danışacağıq.

^ abz. 3 BƏZİ İFADƏLƏRİN İZAHI. Həlim insan başqaları ilə münasibətdə yumşaq davranan və hətta kimsə onu özündən çıxarmağa çalışanda belə, təmkinini pozmayan insandır. Təvazökar insan təkəbbür və lovğalıqdan uzaq olan və başqalarını özündən üstün sayan insandır. Təvazökarlıq xüsusiyyətini Yehova Allaha aid etdikdə isə Onun Özündən aşağı olan kəslərlə məhəbbət və mərhəmətlə davranması nəzərdə tutulur.

^ abz. 12 Babillilər üç ibrani gəncə yeni adlar verib onları Sədrah, Misah və Abidnağu adlandırmışdılar (Dən. 1:7).

^ abz. 18 «Gözətçi qülləsi»nin 2011-ci il 15 aprel sayında yer alan «Qoy hər bir qərarın Yehovaya izzət gətirsin» adlı məqaləyə baxa bilərsiniz.

^ abz. 59 ŞƏKLİN İZAHI: Şagirdləri kimin daha böyük olması üstündə mübahisə edən zaman İsa Məsih təmkinini qorudu və mülayimliklə onlara düzəliş verdi.