Kontentə keç

Mündəricatı göstər

İsa peyğəmbər həvari Butrusun qayınanasına baş çəkib ona şəfa verir (Mətta 8:14, 15; Mark 1:29—31).

Selibat Allahın tələbidir?

Selibat Allahın tələbidir?

ROMA katolik kilsəsində, Pravoslav kilsələrində, buddizmdə və bəzi digər dinlərdə din xadimlərinin və ruhanilərin subay qalması tələbdir. Bununla belə, çoxları hesab edir ki, son zamanlar ruhanilərin adının hallandığı seksual qalmaqalların kökündə məhz bu tələb durur.

Buna görə belə bir məntiqli sual ortaya çıxır: Selibat, yəni ruhanilərin verdiyi subaylıq andı Allahın tələbidir? Bu suala cavab verməzdən öncə, gəlin selibatın yaranma və inkişaf tarixinə nəzər salaq, həmçinin görək Allah buna necə münasibət bəsləyir.

SELİBATIN TARİXİ

Britaniya ensiklopediyasına əsasən, selibat «din xadiminin və ya dindar insanın subay qalması, cinsi münasibətdən imtina etməsi» deməkdir (The «Encyclopædia Britannica»). 2006-cı ildə Roma Papası XVI Benedikt Roma Kuriyasına xitabən subaylıq andının «həvarilərin dövrünə gedib çıxan ənənə» olduğunu demişdi.

Amma əslində I əsrdə yaşayan Allahın sadiq xidmətçiləri arasında bu ənənə yox idi. Hətta həmin dövrdə yaşamış həvari Bulus iman qardaşlarını xəbərdar etmişdi ki, «aldadıcı vəhylər» söyləyənlərdən və «evlənməyi qadağan» edənlərdən özlərini qorusunlar (1 Timutiyə 4:1—3).

Selibat II əsrdən başlayaraq qərbi xristian kilsələrində yayılmağa başladı. Bir kitaba əsasən, subaylıq andı «Roma İmperiyasında yaranan cinsi pəhriz dalğası ilə üst-üstə düşürdü» («Celibacy and Religious Traditions»).

Selibat ənənəsini sonrakı əsrlərdə kilsə şuraları və kilsə ataları davam etdirdilər. Onlar intim münasibəti murdar bir şey hesab edir və düşünürdülər ki, dini işləri icra edənlərin cinsi münasibətdə olması düzgün deyil. Buna baxmayaraq, Britaniya ensiklopediyasına əsasən,  «onuncu əsrə qədər bir çox keşiş və yepiskop ailəli idi».

Lateran Şuralarının 1123 və 1139-cu illərdə Romada keçirilən görüşlərində din xadimlərinin subay qalmaları qanuniləşib icbari hal aldı. Əvvəllər ailəli keşişlər kilsənin əmlakını öz övladlarına miras qoyurdusa, bu qanunun sayəsində artıq kilsə öz hakimiyyətini və gəlirini əlində saxlaya bildi.

ALLAHIN SELİBATA MÜNASİBƏTİ

Allahın selibata münasibətini Müqəddəs Kitabdan aydın görmək olar. Məsələn, İsa peyğəmbər subay idi və o qeyd etmişdi ki, bəziləri də «səmavi Padşahlığa görə» subay qalacaq (Mətta 19:12). Həvari Bulus da «müjdə naminə» subay qalmışdı. O demişdi ki, bəziləri ondan nümunə götürərək subay qalmaq qərarına gəliblər (1 Korinflilərə 7:37, 38; 9:23).

Bununla belə, nə İsa Məsih, nə də həvari Bulus subay qalmağı əmr etməmişdi. İsa peyğəmbər demişdi ki, subaylıq bir ənamdır və onu hər kəs bacarmaz. Həvari Bulus isə subaylığı məsləhət görsə də, etiraf etmişdi: «Subaylarla əlaqədar Ağamızdan heç bir göstəriş almamışam,.. öz fikrimi söyləyirəm» (Mətta 19:11; 1 Korinflilərə 7:25, haşiyə).

Üstəlik, Müqəddəs Kitabda göstərilir ki, həvari Butrus da daxil olmaqla, birinci əsrdə yaşamış Allahın bir çox xidmətçiləri evli olub (Mətta 8:14; Mark 1:29—31; 1 Korinflilərə 9:5). O dövrdə Romada əxlaqsızlıq geniş yayıldığı üçün Bulus yazmışdı ki, ailəli nəzarətçi «tək bir qadınla evli» olmalı və onun «uşaqları itaətkar və tərbiyəli olmalıdır» (1 Timutiyə 3:2, 4).

Bu nikahlarda ər-arvad münasibətləri var idi, çünki Müqəddəs Kitabda da aydın yazılıb ki, «ər arvadının, arvad da ərinin ehtiyacını» ödəməlidir və onlar bir-birilərini cinsi əlaqədən məhrum etməməlidirlər (1 Korinflilərə 7:3—5). Bu sözlər aydın şəkildə göstərir ki, Allah heç bir din xadiminin, ümumiyyətlə, heç bir bəndəsinin subay qalmasını tələb etmir.

«MÜJDƏ NAMİNƏ»

Əgər subaylıq andı tələb deyildisə, nə üçün İsa Məsih və həvari Bulus subay qalmağı tövsiyə etmişdilər? Çünki subay insanın başqaları ilə xoş xəbəri bölüşməyə imkanı daha çox olur. Ailə qayğısı olmadığı üçün o, evli insanlardan fərqli olaraq, Allah yolunda daha çox iş görə bilər (1 Korinflilərə 7:32—35).

David adlı bir subay oğlanın nümunəsinə nəzər salaq. O, Meksikada gəlirli işini qoyub insanlara Allahın Kəlamını öyrətmək üçün Kosta-Rikanın bir kəndinə köçmək qərarına gəlmişdi. David qeyd edir ki, bu addımı atmaqda subay olmasının ona böyük köməyi dəymişdi. O deyir: «Oranın mədəniyyəti və şəraiti çox fərqli idi, amma tək olduğum üçün ora uyğunlaşmaq mənə asan oldu».

Klaudiya adlı subay bir qız təbliğ etmək üçün müjdəçilərə ehtiyac olan əraziyə köçüb. O deyir: «Mən Allaha xidmətimdən zövq alıram. Allahın qayğıma necə qaldığını görmək Onunla münasibətlərimi möhkəmləndirir və imanımı artırır».

«Fərqi yoxdur evlisən, yoxsa subay, əgər Yehova Allaha ibadətdə əlindən gələni edirsənsə, xoşbəxt olacaqsan» (Klaudiya).

Subaylıq insan üçün yük olmamalıdır. Klaudiya deyir: «Fərqi yoxdur evlisən, yoxsa subay, əgər Yehova Allaha ibadətdə əlindən gələni edirsənsə, xoşbəxt olacaqsan» (Zəbur 119:1, 2).