Kontentə keç

Mündəricatı göstər

Allahın Kəlamı həmişə aktualdır!

Allahın Kəlamı həmişə aktualdır!

TƏSƏVVÜR EDİN Kİ, qədimi abidələrlə dolu olan bir muzeydəsiniz. Abidələrin əksəriyyəti deşilib, dağılmaya və aşınmaya məruz qalıb, bəzilərinin isə əksər hissələri yoxdur. Birdən gözünüz bir abidəyə sataşır. O, tamamilə salamatdır, mürəkkəb quruluşu xırda detalına qədər aydın görünür. Bələdçidən soruşursunuz:

— Bu, yeni abidədir?

— Xeyr, bu abidə digərlərindən daha qədimdir və heç vaxt restavrasiya olunmayıb, — deyə o cavab verir.

— Onun qorunmasına xüsusi yanaşılıb?

— Yox, əksinə, bu abidə sərt külək və yağışlara, hətta vandalizmə məruz qalıb.

İstər-istəməz sizdə: «Görəsən, o, nədən düzəldilib?» sualı yaranacaq.

Müqəddəs Kitab, müəyyən mənada, bu qeyri-adi abidəyə bənzəyir. O, ən qədim kitablardan biridir. Düzdür, başqa qədimi kitablar da var. Lakin bu kitablar zamanın sınağından çıxa bilməyib. Məsələn, oradakı elmi iddialar müasir elmə, sübuta yetirilmiş faktlara ziddir. Tibbi məsləhətlərin insana xeyrindən çox, ziyanı var. Bundan əlavə, əksər qədim əlyazmaların çox hissəsi ya itib, ya da yararsız hala düşüb, dövrümüzə sadəcə müəyyən fraqmentləri gəlib çatıb.

Müqəddəs Kitab isə onlardan fərqlənir. O, 35 əsr öncə yazılmağa başlasa da, dövrümüzə qədər salamat gəlib çatıb. Halbuki əsrlər boyu onu yandırmağa, qadağan etməyə və nüfuzdan salmağa çalışan qüvvələr olub. Müqəddəs Kitab müasir elmlə uzlaşmaqdan əlavə, gələcəyimizdən  də xəbər verir. («Köhnəlib, yoxsa öz dövrünü qabaqlayır?» adlı çərçivəyə baxın.)

VACİB DƏYƏRLƏR

Ola bilsin, sizə maraqlı gəlir: «Görəsən, Tövrat, Zəbur və İncildəki məsləhətlər bu gün aktualdır?» Bu suala cavab tapmaq üçün gəlin bəzi şeyləri düşünək: «Bu gün bəşəriyyət hansı problemlərlə üzləşir? Onlardan hansı daha dəhşətlidir?» Bəlkə də, ətraf mühitin çirklənməsi, müharibələr, cinayətkarlıq, korrupsiya, ailə münaqişələri kimi problemləri sadalayacaqsınız. Gəlin Tövrat, Zəbur, İncildə yazılan bəzi ayələrə nəzər yetirək. Həmin ayələri oxuduqca düşünün: «Əgər insanlar bu dəyərlərə uyğun yaşasaydılar, dünyada vəziyyət necə olardı?»

SÜLHPƏRVƏRLİK

«Sülhpərvərlər xoşbəxtdir» (Mətta 5:9). «İmkan daxilində, əlinizdən gələn qədər hamı ilə sülhdə olmağa çalışın» (Romalılara 12:18).

MƏRHƏMƏT, BAĞIŞLAMAQ

«Rəhmdillilər xoşbəxtdir, çünki onlara mərhəmət göstəriləcək» (Mətta 5:7). «Bir-birinizə qarşı həmişə səbirli olun, birinizin digərindən şikayəti olsa da, bir-birinizi ürəkdən bağışlayın. Yehova * sizi ürəkdən bağışladığı kimi, siz də bir-birinizi ürəkdən bağışlamalısınız» (Koloslulara 3:13).

İRQİ BİRLİK

Allah «bütün yer üzündə məskunlaşması üçün bir insandan hər xalqı yaratdı» (Həvarilərin işləri 17:26). «Allah ayrı-seçkilik etməyən Allahdır, hər xalqın içində Ondan qorxan və düzgün iş görən adamdan razıdır» (Həvarilərin işləri 10:34, 35).

DÜNYANI QORUMAQ

«Yehova Allah insanı Ədən bağında məskunlaşdırdı ki, bağı becərsin və ona qulluq etsin» (Yaradılış 2:15). «Yeri tələf edənləri tələf etməyin vaxtı gəldi» (Vəhy 11:18).

TAMAHKARLIQ VƏ ƏXLAQSIZLIĞA NİFRƏT

«Özünüzü hər cür tamahkarlıqdan qoruyun, çünki insanın var-dövləti başından aşıb-daşsa da, həyatı bundan asılı deyil» (Luka 12:15). «Əxlaqsızlığın, hər cür natəmizliyin, acgözlüyün adını belə, çəkməyin, axı bunlar müqəddəslərə yaraşmır» (Efeslilərə 5:3).

DÜRÜSTLÜK, ƏMƏKSEVƏRLİK

«Hər sahədə dürüst olmaq istəyirik» (İbranilərə 13:18). «Oğurluq edən daha oğurluq etməsin, əlinin halal zəhməti ilə dolansın» (Efeslilərə 4:28).

KASIBA ƏL TUTMAQ

«Qəmginlərə təskinlik verin, zəiflərə dayaq olun və hamıya qarşı səbir göstərin» (1 Salonikililərə 5:14). «Pak və qüsursuz dindarlıq budur: çətinliklərlə üzləşən yetimlərə və dul qadınlara qayğı göstərəsən» (Yaqub 1:27).

Müqəddəs Kitab sadəcə bu prinsiplərin toplusu deyil. Kəlam bu prinsipləri dəyərləndirməyə və onlara əməl etməyə kömək edir. Sizcə, sadalanan dəyərlərə hamı əməl etsə idi, dünyada bu qədər problem olardı? Aydındır ki, Tövrat, Zəbur və İncildəki prinsiplər nəinki köhnəlməyib, hətta indiki zəmanədə daha aktualdır. Bəs oradakı prinsiplər sizə hal-hazırda hansı faydanı gətirə bilər?

 ALLAHIN KƏLAMININ SİZƏ FAYDASI

Bir hikmətli insan söyləmişdi: «Nə olursa olsun, hikmət əməlləri sayəsində haqlı çıxır» (Mətta 11:19). Yəqin, bu fikirlə razısınız. Axı hikmət onu tətbiq edəndə bəlli olur. Onda ortaya belə bir sual çıxır: «Müqəddəs Kitab bu gün, doğrudan da, praktikidirsə, onun həyatınızda təsiri aydın görünməli deyil? O, üzləşdiyiniz problemləri həll etməyə necə kömək edə bilər?» Gəlin bir nəfərin nümunəsinə baxaq.

Sofiyanın * həyatı dolğun və mənalı keçirdi. Lakin qəflətən onun həyatı alt-üst olur. Sofiya ağır itkilərlə üzləşir: yeniyetmə qızı vəfat edir, ailəsi dağılır, birdən-birə maddi çətinliyə düşür. O deyir: «Mən mən deyildim, artıq nə qızım, nə ərim, nə də evim var idi. Sanki heç kim idim, daha nə taqətim, nə də yaşamağımın bir mənası qalmışdı».

Sofiya Zəbur 90:10 ayəsində yazılmış növbəti sözlərin nə qədər həqiqət olduğunu indi başa düşürdü: «Yetmiş il ancaq yaşarıq, canı sağlam olan, bəlkə, səksənə yetişə. O da ki əzabla, qəm-qüssə ilə keçər, ömrümüz tez ötür, uçub gedirik».

Sofiya ağır günlərində Müqəddəs Kitaba üz tutdu. Kəlamın onun həyatına təsiri əvəzsiz idi. Növbəti üç məqalədə problemlər zamanı Müqəddəs  Kitabdakı məsləhətləri tətbiq etməyin böyük köməyini görən digər insanlardan da bəhs olunur. Onlar Müqəddəs Kitabın yuxarıda haqqında danışdığımız abidəyə bənzədiyi qənaətinə gəliblər. Allahın Kəlamı köhnəlmiş və işə yaramayan saysız-hesabsız kitaba bənzəmir. Görəsən, onu fərqləndirən başqa bir şeydən hazırlanmasıdır, yoxsa səbəb adi insanın yox, Allahın sözünü ehtiva etməsidir? (1 Salonikililərə 2:13).

Ola bilsin, siz də həyatın qısa və qayğılarla dolu olduğunu düşünürsünüz. Problemlərdən sıxılanda rahatlıq, dəstək və məsləhət üçün kimə müraciət etmək olar?

Gəlin Müqəddəs Kitabdan həyatınıza fayda gətirəcək üç üsulu nəzərdən keçirək. Beləcə, siz:

  1. özünüzü problemlərdən qoruyacaq,

  2. çətinliklərdən çıxış yolu tapacaq,

  3. dəyişə bilməyəcəyiniz vəziyyətlərlə mübarizə aparacaqsınız.

Növbəti məqalələr bu üç mövzuya həsr olunub.

^ abz. 15 Müqəddəs Kitaba əsasən, Allahın adı (Zəbur 83:18).

^ abz. 29 Bu və növbəti məqalələrdəki bəzi adlar şərtidir.