Kontentə keç

Mündəricatı göstər

Düşməninizi tanıyın

Düşməninizi tanıyın

«Şeytanın... fəndlərindən bixəbər deyilik» (2 KOR. 2:11).

NƏĞMƏ: 150, 32

1. Ədən bağında Yehova Allah düşmənimiz haqda hansı məlumatı açıqladı?

ADƏM ilanların danışmaq qabiliyyətinin olmadığını bilirdi. Buna görə də o, ehtimal ki, Həvva ilə ilanın yox, ruhani varlığın danışdığını təxmin eləmişdi (Yar. 3:1—6). Nə Adəmin, nə də Həvvanın bu ruhani varlıq haqda heç bir məlumatı yox idi. Bununla belə, Adəm onu sevən səmavi Atasına arxa çevirərək tanımadığı bu varlığın üsyanına qoşuldu (1 Tim. 2:14). Yehova dərhal tədbir gördü. O, Adəmlə Həvvanı yoldan çıxaran düşmənin kimliyini açmağa başladı və onun bir gün məhv olunacağını vəd etdi. Həmçinin xəbərdar etdi ki, ilan vasitəsilə danışan bu ruhani varlığın Onu sevən insanlara bir müddətlik mane olmaq səlahiyyəti olacaq (Yar. 3:15).

2, 3. Məsihin gəlişinə qədər Şeytan haqda az məlumatın olmasına səbəb nə ola bilər?

2 Hikmət sahibi Yehova Allah Ona qarşı çıxan mələyin adını heç vaxt açıqlamayıb *. Bu üsyankar mələyin təsviri adını isə, Ədən bağındakı qiyamdan yalnız 2500 il sonra bildirmişdi  (Əyy. 1:6). Belə ki, Tövratın yalnız üç bölməsində — 1 Salnamələr, Əyyub və Zəkəriyyə kitablarında «əleyhdar» mənasını verən «Şeytan» sözünə rast gəlinir. Məsihin gəlişinə qədər Şeytan haqda az məlumatın olmasına səbəb nə ola bilər?

3 Ola bilsin, Yehova Şeytanı ucaltmamaq üçün Tövratda onun haqda və etdiyi əməllər barədə çox şey yazdırmayıb. Axı Yehovanın Tövratı yazdırmaqda məqsədi Məsihin kimliyini açıqlamaq və xalqını ona istiqamətləndirmək olub (Luka 24:44; Qal. 3:24). Bu məqsədə nail olandan və Məsih gələndən sonra Yehova Məsih və onun şagirdləri vasitəsilə Şeytan və ona qoşulan mələklər barədə daha çox məlumat verdi *. Bu, məntiqlidir, çünki Yehova Allah Şeytanı və onun ardıcıllarını İsanın və onun məsh olunmuş həmvarislərinin vasitəsilə məhv edəcək (Rom. 16:20; Vəhy 17:14; 20:10).

4. Nə üçün Şeytan İblisin varlığı bizi qorxuya salmamalıdır?

4 Həvari Butrus Şeytan İblisi «nərildəyən şir» kimi təsvir edir, həvari Yəhya isə onu «ilan» və «əjdaha» adlandırır (1 But. 5:8; Vəhy 12:9). Amma bu təsvirlər bizi qorxuya salmamalıdır, çünki Şeytan İblisin gücü məhduddur. (Yaqub 4:7 ayəsini oxuyun.) Bizim arxamızda Yehova, İsa Məsih və sədaqətli mələklər ordusu durub. Onların köməyilə biz düşmənimizə qarşı dura bilərik. Bununla belə, üç vacib sualın cavabın bilmək lazımdır: Şeytanın səlahiyyəti altında nələr var? Şeytan hədəfini öz təsiri altına salmaq üçün səlahiyyətindən necə istifadə edir? Şeytanın nələrə səlahiyyəti çatmır? Gəlin bu sualları müzakirə edək və nə öyrənə biləcəyimizi araşdıraq.

ŞEYTANIN SƏLAHİYYƏTİ ALTINDA NƏLƏR VAR?

5, 6. Nə üçün insan hökumətləri bəşəriyyətin ən çox ehtiyac duyduğu dəyişiklikləri etmək iqtidarında deyil?

5 Daşqından öncə Şeytan bəzi mələkləri insan qızları ilə cinsi münasibətə sövq etmişdi. Hal-hazırda Şeytanın tabeliyində Allaha üsyan etmiş çoxlu sayda mələk var. Müqəddəs Kitabda bu həqiqət simvolik dillə təsvir olunur. Orada əjdahanın «göydəki ulduzların üçdə birini» özü ilə süpürüb apardığı deyilir (Yar. 6:1—4; Yhd. 6; Vəhy 12:3, 4). Üsyankar mələklər Allahın ailəsini tərk etməklə Şeytanın təsiri altına düşdülər. Amma bu mələklər iğtişaşlar yaradan qeyri-mütəşəkkil kütlə kimi deyil. Şeytan Allahın Padşahlığını təqlid edərək qondarma hökumət yaratdı və özü bu hökumətin padşahı oldu. Gözəgörünməz aləmdə cinlərdən ibarət hakimiyyətlər yaradaraq onlara səlahiyyət verdi və onları dünya hökmdarları təyin etdi (Efes. 6:12).

6 Qurduğu hökumət vasitəsilə Şeytan bütün insan hakimiyyətlərini idarə edir. Bunu İsa Məsihə dediyi sözlər təsdiqləyir. O, Məsihə «dünyanın bütün səltənətlərini» göstərib demişdi: «Bunlar üzərində hakimiyyəti və onların cah-calalını sənə verəcəyəm, çünki bu, mənə verilib və mən onu kimə istəsəm, ona da verirəm» (Luka 4:5, 6). Şeytanın mənfur təsirinə rəğmən, vətəndaşlarının rifahı üçün müəyyən işlər görən hökumətlər, hətta ülvi niyyətləri olan rəhbərlər də var. Amma heç bir insan hökuməti və ya hər hansı rəhbər bəşəriyyətin ən çox ehtiyac duyduğu dəyişiklikləri etmək iqtidarında deyil (Zəb. 146:3, 4; Vəhy 12:12).

7. Şeytan hakimiyyətlərlə yanaşı, yalan dindən və kommersiya sistemindən necə istifadə edir? (Məqalənin əvvəlindəki şəklə baxın.)

 7 Şeytan və onun cinləri təkcə hakimiyyətlərdən yox, yalan din və kommersiya sistemindən də istifadə edərək «bütün dünyanı» aldadır (Vəhy 12:9). Yalan din vasitəsilə Şeytan Yehova haqqında saxta məlumatlar yayır. Bu azmış kimi, Allahın adını gizli saxlamağa çalışır (Ərm. 23:26, 27). Beləcə, Allaha qulluq etdiyini sanan bir çox səmimi qəlbli insan, əslində, cinlərə ibadət etmiş olur (1 Kor. 10:20; 2 Kor. 11:13—15). Şeytan həmçinin kommersiya sistemi vasitəsilə yalanlar yayır. Bu sistem insanlara təlqin edir ki, xoşbəxt olmağın ən yaxşı yolu çoxlu pul qazanmaq, var-dövlət toplamaqdır (Məs. 18:11). Bu yalana uyanlar ömürlərini Allaha qulluq etməyə yox, «var-dövlətin» qulu olmağa sərf edirlər (Mət. 6:24). Beləcə, onların maddi şeylərə olan sevgisi, Allaha sevgini boğur (Mət. 13:22; 1 Yəh. 2:15, 16).

8, 9. a) Adəmlə Həvvanın və üsyankar mələklərin hadisəsindən hansı iki dərsi öyrənirik? b) Şeytanın nələrə səlahiyyəti çatdığını bilmək nə üçün yaxşıdır?

8 Adəmlə Həvvanın və üsyankar mələklərin hadisəsindən azı iki vacib dərs öyrənirik. Birincisi, cəmi iki yol var və biz bunlardan birini seçməliyik: ya biz Yehovaya sadiq qalacağıq, ya da Şeytanın dəstəsinə qoşulacağıq (Mət. 7:13). İkincisi, Şeytanın tərəfinə keçənlər çox az şey əldə edirlər: Adəm və Həvva nəyin yaxşı, nəyin pis olduğuna dair öz standartlarını təyin etmək, cinlər isə insan hökumətləri üzərində müəyyən səlahiyyətə sahib olmaq imkanını əldə etdilər (Yar. 3:22). Lakin ödənilən bədəl, Şeytanın verdiyi istənilən «mükafatın» dəyərindən həmişə qat-qat ağır olur (Əyy. 21:7—17; Qal. 6:7, 8).

9 Şeytanın səlahiyyəti altında nələrin olduğunu bilmək nə üçün yaxşıdır? Bu, bizə dünyəvi hakimiyyətlərə tarazlı yanaşmağa və təbliğ işini həvəslə görməyə kömək edir. Biz başa düşürük ki, Yehova bizdən hakimiyyətə hörmət göstərməyimizi istəyir (1 But. 2:17). Həmçinin hakimiyyətin qoyduğu qayda-qanunlar Allahın normalarına zidd getmirsə, onlara itaət etməyimizi gözləyir (Rom. 13:1—4). Bununla belə, dərk edirik ki, siyasi məsələlərdə bitərəf qalmalı, heç bir partiyanı və ya rəhbəri dəstəkləməməliyik (Yəh. 17:15, 16; 18:36). Şeytanın Yehovanın adına ləkə gətirmək, bu adı gizlətmək niyyətindən xəbərdar olduğumuz üçün başqalarına Allah haqda həqiqəti danışmağa daha əzmliyik. Biz Allahın adını daşımaqdan və bu adı çəkməkdən qürur duyuruq. Allaha sevginin puldan və əşyalara sevgidən dəyərli olduğu bizim üçün gün kimi aydındır (Əşy. 43:10; 1 Tim. 6:6—10).

 ŞEYTAN HANSI ÜSULLARDAN İSTİFADƏ EDİR?

10—12. a) Mələkləri yoldan çıxarmaq üçün Şeytan hansı üsullardan istifadə etmişdi? b) Şeytana uyan mələklərin hadisəsindən nə öyrənirik?

10 Şeytan hədəflərini öz təsiri altına salmaq üçün effektiv üsullara əl atır. Məsələn, o, müxtəlif vasitələrlə onları şirnikdirərək yoldan çıxarır, həmçinin birbaşa hücum edərək onlara öz istədiyini etdirir.

11 Gəlin görək Şeytan çoxlu sayda mələyi yoldan çıxarmağa necə müvəffəq olmuşdu. Çox güman ki, mələkləri öz tərəfinə çəkmək üçün uzun müddət ərzində onları müşahidə etmişdi. Nəticədə, bu mələklərdən bəziləri onun tələsinə düşərək qadınlarla cinsi münasibətə girmiş və onların hibrid övladları dünyaya gəlmişdi. Bu övladların zorakılığı dünyanı bürümüşdü (Yar. 6:1—4). Ehtimal ki, Şeytan mələkləri təkcə əxlaqsızlıq vasitəsilə yoldan çıxarmamışdı, onlara həmçinin bəşəriyyətə hökmranlıq etmək vədi vermişdi. Şeytanın məqsədi vəd edilmiş övladla bağlı peyğəmbərliyin həyata keçməsinə mane olmaq idi (Yar. 3:15). Hər necə olsa da, Yehova Daşqın vasitəsilə Şeytanın və üsyankar mələklərin məkrli planlarını alt-üst etdi.

Şeytan əxlaqsızlıq, təkəbbürlük və okkultizm vasitəsilə bizi şirnikləndirməyə çalışır (12 və 13-cü abzaslara baxın)

12 Bu hadisələr bizə nə öyrədir? Əxlaqsızlığın və eqoizmin çox güclü tələ olduğunu heç vaxt unutmamalıyıq. Şeytana qoşulmuş mələklər qərinələr boyu Allahın hüzurunda qulluq etmişdilər. Hətta bu cür gözəl mühitdə olmalarına rəğmən, mələklər pis arzuların onlarda kök atıb böyüməsinə yol verdi. Buna bənzər tərzdə, ola bilsin, biz də Allahın təşkilatının yer üzü hissəsində uzun illərdir xidmət edirik. Ruhani cəhətdən təmiz bir mühitdə olsaq belə, bizdə napak arzular kök ata bilər (1 Kor. 10:12). Buna görə də mütəmadi olaraq ürəyimizi yoxlayıb, əxlaqsız fikirləri rədd etməli, həmçinin təkəbbürü boğmalıyıq! (Qal. 5:26; Koloslulara 3:5 ayəsini oxu).

13. Şeytan bizi daha hansı üsulla yoldan çıxarmağa çalışır və onun tələsinə düşməmək üçün nə edə bilərik?

13 Şeytanın istifadə etdiyi digər işə yarayan üsul okkultizmə maraqdır. Bu gün o, təkcə yalan din vasitəsilə yox, həmçinin əyləncə sənayesi vasitəsilə cinlərə maraq oyadır. Kinolar, elektron oyunlar və digər media vasitələri cindarlığı maraqlı bir şey kimi təqdim edir. Bu tələdən necə qaça bilərik? Gözləməməliyik ki, Allahın təşkilatı əyləncə ilə bağlı «olar-olmazlar» siyahısı versin. Hər kəs vicdanını Müqəddəs Kitab prinsiplərinə uyğun tərbiyə etməlidir (İbr. 5:14). Lakin düzgün seçim etmək üçün Bulusun da dediyi kimi, Allaha məhəbbətimiz riyasız olmalıdır (Rom.  12:9). Özümüzdən soruşaq: «Əyləncə seçimim məni kənardan riyakar insan kimi göstərməyəcək ki? Təbliğ etdiyim və ya Müqəddəs Kitab dərsi keçdiyim insanlar seçdiyim əyləncəni görüb sözümlə əməlimin uyğun gəlmədiyini düşünməzlər ki?» Sözümüz və əməlimiz nə qədər çox üst-üstə düşsə, Şeytanın tələlərinə düşmək ehtimalımız bir o qədər az olacaq (1 Yəh. 3:18).

Şeytan dövlətin qoyduğu qadağalar, sinif yoldaşlarımızın təzyiqi və ailə üzvlərimizin yaratdığı maneələr vasitəsilə bizə hədə-qorxu gəlməyə çalışır (14-cü abzasa baxın)

14. Şeytan bizə necə hədə-qorxu gələ bilər və nəyin sayəsində möhkəm dura bilərik?

14 Şeytan həmçinin hədə-qorxu vasitəsilə də Yehovaya sədaqətimizi sarsıtmağa çalışır. Məsələn, bunun üçün o, hökumətin təbliğ işimizi qadağan etməsinə təsir göstərir. Yaxud Müqəddəs Kitab normalarına uyğun yaşadığımız üçün iş və məktəb yoldaşlarımızı bizi ələ salmağa təhrik edir (1 But. 4:4). Ailə üzvlərimiz xoş niyyətdən irəli gələrək yığıncağa getməyimizə mane olanda da unutmamalıyıq ki, burada Şeytanın əli ola bilər (Mət. 10:36). Bütün bu çətinlikləri necə aşa bilərik? Əvvəla, bu cür birbaşa hücumların olacağına hazır olmalıyıq, çünki Şeytan bizə qarşı vuruşur (Vəhy 2:10; 12:17). Həmçinin belə təzyiqlərlə üzləşəndə mühüm məsələni unutmamalıyıq: Şeytan iddia edir ki, insan yalnız özünə sərf edəndə Yehovaya itaət edir və təzyiqlərlə üzləşsə, Allahdan üz döndərəcək (Əyy. 1:9—11; 2:4, 5). Ən əsası isə, belə vəziyyətlərlə üzləşəndə Yehovadan güc diləməliyik. Əmin ola bilərik ki, O, bizi heç vaxt atmayacaq (İbr. 13:5).

ŞEYTANIN NƏLƏRƏ SƏLAHİYYƏTİ ÇATMIR?

15. Şeytan bizi istəmədiyimiz şeyi etməyə məcbur edə bilər? İzah edin.

15 Şeytan insanları istəmədikləri şeyi etməyə məcbur edə bilmir (Yaq. 1:14). Çoxları özləri də bilmədən Şeytanın məqsədinə qulluq edirlər. Lakin həqiqəti öyrənəndən sonra hər kəs kimə qulluq edəcəyinə qərar verməlidir (Həv. 3:17; 17:30). Əgər biz Allaha itaət etmək əzmindəyiksə, Şeytan heç cür bizim sədaqətimizi sarsıda bilməz (Əyy. 2:3; 27:5).

16, 17. a) Şeytanla cinlərin daha nələrə səlahiyyəti çatmır? b) Nə üçün biz Yehovaya ucadan dua etməyə qorxmamalıyıq?

16 Şeytan və onun cinlərinin başqa məhdudiyyətləri də var. Misal üçün, Müqəddəs Kitabın heç bir yerində deyilmir ki, onlar insanların ürəyindən və ağlından keçənləri oxuya bilir. Yalnız Yehova və İsa Məsih buna qadirdir (1 İşm. 16:7; Mark 2:8). Bəs danışmaq və ya səsli dua etmək barədə nə demək olar? Şeytan və onun cinlərinin dediklərimizi eşidib, bu məlumatı əleyhimizə istifadə edəcəklərindən qorxmalıyıqmı? Xeyr. Şeytan bizi görər deyə, Yehovanın yolunda yaxşı işlər görməkdən qorxmuruq. Eynilə, Şeytan bizi eşidər deyə, səsli dua etməyə də çəkinməməliyik. Müqəddəs Kitabda Allahın bir çox xidmətçisinin səsli dua etdiyi qeyd olub və heç bir yerdə Şeytanın onları eşidəcəyinə görə narahat olduğuna rast gəlmirik (1 Pad. 8:22, 23; Yəh. 11:41, 42; Həv. 4:23, 24). Əgər sözümüzün və əməlimizin Allahın iradəsinə uyğun olması üçün əlimizdən gələni ediriksə, əmin ola bilərik ki, Yehova İblisin bizə sağalmaz zərbə yetirməsinə izin verməyəcək. (Zəbur 34:7 ayəsini oxuyun.)

17 Düşmənimizi tanımalı, lakin ondan qorxmamalıyıq. Hətta qeyri-kamil insan belə, Allahın köməyilə Şeytana qalib gələ bilər (1 Yəh. 2:14). İblisə müqavimət göstərsək, o, bizdən qaçacaq (Yaq. 4:7; 1 But. 5:9). Bu gün Şeytanın başlıca hədəfi gənclərdir. Ona müqavimət göstərmək üçün gənclər hansı konkret addımlar ata bilər? Növbəti məqalədə bu mövzu işıqlandırılacaq.

^ abz. 2 Müqəddəs Kitabda bəzi mələklərin adları yazılıb (Hak. 13:18; Dən. 8:16; Luka 1:19; Vəhy 12:7). Yehovanın hətta hər bir ulduza da ad verdiyini nəzərə alsaq (Zəb. 147:4), məntiqlidir ki, Onun yaratdığı bütün mələklərin, o cümlədən Şeytan ləqəbli mələyin də adı var.

^ abz. 3 Müqəddəs Kitabın Tövrat hissəsində Şeytan adına cəmi 16 dəfə rast gəlindiyi halda, İncil hissəsində bu ada təxminən 40 dəfə rast gəlinir.