Kontentə keç

Mündəricatı göstər

Yerinə yetən peyğəmbərliklər

Yerinə yetən peyğəmbərliklər

Birinci məqalədə Lidiya hökmdarı Krezin Delfidən olan falçının sözlərinə aldanaraq Fars şahına necə məğlub olduğundan danışdıq. Amma Müqəddəs Kitabda Fars şahı haqda deyilmiş peyğəmbərlik xırdalığına qədər yerinə yetib.

Əşiya peyğəmbər qüdrətli Babil dövlətinin necə işğal olunacağını və onu işğal edən hökmdarın adının Kuruş olacağını 200 il öncədən peyğəmbərlik etmişdi.

Əşiya 44:24, 27, 28 ayələrində yazılıb: «Yehova... belə deyir: “Dərin sulara “buxarlan, bütün çaylarını qurudacağam” deyən Mənəm. Kuruş haqqında “o, Mənim çobanımdır, o, Mənim iradəmi büsbütün icra edəcək”, Yerusəlim haqqında “o, yenidən tikiləcək”, məbəd haqqında “təməlin qoyulacaq” deyən Mənəm”».

Yunan tarixçisi Herodot Kuruşun ordusunun Babil şəhərindən axan Fərat çayının istiqamətini dəyişdiyini qeyd etmişdi. Kuruşun bu strategiyası sayəsində qoşun çayın dayaz yerindən keçib şəhərə daxil ola bilmişdi. Şəhəri zəbt edəndən sonra şah Kuruş Babil əsarətində olan yəhudiləri azadlığa buraxmış və onlara vətənlərinə qayıdıb 70 il öncə darmadağın edilmiş Yerusəlim şəhərini bərpa etməyə icazə vermişdi.

Əşiya 45:1 ayəsində yazılıb: «Yehova məsh etdiyi Kuruşa, önündə xalqları baş əydirmək, padşahları tərksilah etmək, qarşısında qapılar bağlı olmasın deyə ikitaylı darvazanı taybatay açmaq üçün sağ əlindən tutduğu kəsə belə deyir».

Farslar şəhərə diqqətsizlik ucbatından açıq qalmış ikitaylı darvazadan daxil olmuşdur. Babillilərin Kuruşun planından xəbəri olsa idi, sözsüz ki, çaya açılan darvazaların hamısını bərk-bərk bağlayardılar. Lakin şəhər müdafiəsiz qalmışdı.

Bu möhtəşəm peyğəmbərlik Müqəddəs Kitabda xırdalığına kimi yerinə yetmiş saysız-hesabsız peyğəmbərliklərdən yalnız biridir *. İnsanların saxta allahların adından söylədiyi proqnozlardan fərqli olaraq, Müqəddəs Kitabda yazılanlar Var olan Allahın sözləridir. O deyir: «Axırı əvvəldən, baş verməmiş hadisələri əzəldən xəbər verirəm» (Əşiya 46:10).

Yalnız və yalnız adı Yehova olan Allah gələcəkdən xəbər verə bilər. Bir sıra alimlərin qənaətinə görə, Yehova adı «olmasına səbəb olur» mənasını verir. Bu, o deməkdir ki, Yehova Allah gələcəkdə baş verəcək hadisələri öncədən görə və iradəsinin  həyata keçməsi üçün onların gedişatına təsir edə bilir. Bu, bizi əmin edir ki, O, vəd etdiyi hər şeyi yerinə yetirmək iqtidarındadır.

GÜNÜMÜZDƏ YERİNƏ YETƏN PEYĞƏMBƏRLİKLƏR

Bilmək istərdiniz, bizim dövrümüzlə bağlı Müqəddəs Kitabda hansısa peyğəmbərliklər var? Təxminən 2000 il bundan öncə Müqəddəs Kitabda yazılmışdı ki, «axırzamanda son dərəcə çətin bir vaxt gələcək». Nəyin axırından söhbət gedir? Söhbət Yer kürəsinin və ya bəşəriyyətin mövcudluğunun sonundan yox, minilliklərdir insanlara əzab verən münaqişələrin, zülmün, iztirabların sona yetəcəyindən gedir. Gəlin axırzamanın əlaməti olan bir neçə peyğəmbərliyi nəzərdən keçirək.

2 Timutiyə 3:1—5 ayələrində yazılıb: «Axırzamanda... insanlar xudbin, pulpərəst, lovğa, özündən razı, küfr danışan, valideynlərinə itaət etməyən, nankor, vəfasız, doğmalarını sevməyən, barışmaz, böhtançı, özünə hakim olmayan, zalım, yaxşılığın düşməni, xain, tərs, təkəbbürlü olacaqlar, Allahdan çox eyş-işrəti sevəcəklər. Onlar üzdən özlərini mömin göstərəcək, əslində isə Allahın yolu ilə getməyəcəklər».

Yəqin razılaşarsınız ki, bu cür xüsusiyyətləri təzahür etdirən insanlara getdikcə daha tez-tez rast gəlmək olar. Özünəvurğun, pulpərəst və təkəbbürlü insanlarla əhatə olunduğumuzu hiss etməmək mümkün deyil. Yəqin fikir vermisiniz ki, getdikcə insanları razı salmaq, onlarla dil tapıb ortaq məxrəcə gəlmək qəlizləşib. Uşaqların valideynlərinə itaət etməməsi, insanların Allahdan çox əyləncəni sevməsi isə göz qabağındadır. Bu vəziyyət günü-gündən pisləşir.

Mətta 24:6, 7 ayələrində yazılıb: «Siz müharibə səsləri, müharibə xəbərləri eşidəcəksiniz... Millət millətə qarşı, dövlət dövlətə qarşı qalxacaq».

Bəzi hesablamalara əsasən, 1914-cü ildən bəri müharibələrdə və silahlı toqquşmalarda 100 milyondan çox insan həyatını itirib. Bu rəqəm bir çox dövlətlərin əhalisinin sayından artıqdır. Bu statistikanın nə qədər insanın göz yaşına, kədər və əzabına səbəb olduğunu bir təsəvvürünüzə gətirin. Bəs millətlər bundan nəticə çıxarıb müharibələrə son qoyublar?

Mətta 24:6, 7 ayələrində yazılıb: «Qıtlıq... olacaq».

Ümumdünya Ərzaq Proqramı bildirir: «Yaşadığımız dünyada hər bir insanı doyduracaq qədər qida istehsal etsək də, 815 milyon insan, yəni hər 9 nəfərdən 1-i hər axşam ac yatır. Bundan əlavə, dünyada hər 3 nəfərdən 1-i normal qidalanmır». Hesablamalara əsasən, hər il təxminən 3 milyon uşaq aclıqdan ölür.

Luka 21:11 ayəsində yazılıb: «Güclü zəlzələlər olacaq».

Hər il insanların hiss edə biləcəyi dərəcədə 50 minə yaxın zəlzələ baş verir. Onların təxminən 100-ü tikililərə böyük ziyan vurur və demək olar ki, ildə bir dəfə olduqca güclü zəlzələ olur. Bir hesablamaya əsasən, 1975-ci ildən 2000-ci ilə kimi zəlzələlər nəticəsində 471 000 insan həyatını itirib.

Mətta 24:14 ayəsində yazılıb: «Padşahlıq haqqındakı bu müjdə xalqların hamısına şəhadət olsun deyə, bütün yer üzündə təbliğ ediləcək və son o vaxt gələcək»

Sayı 8 milyondan çox olan Yehovanın Şahidləri təxminən 240 ölkədə Allahın Padşahlığı haqqında xoş xəbəri təbliğ edir. Onlar böyük şəhərlərdən tutmuş, ucqar kəndlərdə, cəngəlliklərdən tutmuş, dağların zirvələrində yaşayan bütün insanlara təbliğ edirlər. Peyğəmbərlikdə deyilir ki, təbliğ işi Allahın istədiyi dərəcədə yerinə yetəndə son gələcək. Onda nə baş verəcək? Bununla da, insan hökumətlərinə son qoyulacaq və yer üzünü Allahın Padşahlığı idarə edəcək. Allahın Padşahlığı hansı vədləri gerçəkləşdirəcək? Bu sualın cavabı növbəti səhifədədir.