Kontentə keç

Mündəricatı göstər

Ruhani düşüncəli insan olmağa can atın!

Ruhani düşüncəli insan olmağa can atın!

«Ruhun göstərdiyi yolla gedin» (QAL. 5:16).

NƏĞMƏ: 22, 75

1, 2. Bir qardaş ruhani cəhətdən zəif olduğunu necə başa düşdü və bununla bağlı nə tədbir gördü?

ROBERT adlı bir qardaş yeniyetmə yaşında vəftiz olmuşdu. Amma ibadət onun həyatında əsas yeri tutmurdu. O deyir: «Mən həmişə nümunəvi olmağa çalışırdım. Lakin məni idarə edən əqlim yox, hisslərim idi. Kənardan ruhani cəhətdən yetkin insan kimi görünürdüm. Görüşləri buraxmırdım, ildə bir neçə dəfə köməkçi öncül kimi xidmət edirdim. Amma deyəsən, nəyisə nəzərdən qaçırmışdım».

2 Robert problemin nədə olduğunu yalnız ailə qurandan sonra başa düşdü. O və yoldaşı tez-tez Müqəddəs Kitab mövzuları ətrafında bir-birinə suallar verirdilər. Yoldaşı ruhani cəhətdən yetkin insan olduğu üçün sualların cavabını asanlıqla tapırdı. Robert isə, adətən, çaşıb qalır, suallara cavab verə bilmirdi. O deyir: «Mənə elə gəlirdi ki, heç nə bilmirəm. Öz-özümə fikirləşdim: “Əgər ailəmə ruhani cəhətdən başçılıq etmək istəyirəmsə, nəsə eləməliyəm”». O, ləngimədən hərəkətə keçdi. Robert deyir: «Mən Müqəddəs Kitabı çoxlu-çoxlu araşdırmağa başladım. Artıq beynimdə ümumi şəkil yaranmışdı, Müqəddəs Kitabı başa düşməyə başlamışdım. Ən vacibi isə Yehovaya daha yaxın olmuşdum».

3. a) Robert qardaşın hadisəsindən nə öyrəndik? b) Bu məqalədə hansı vacib sualları nəzərdən keçirəcəyik?

 3 Robert qardaşın hadisəsindən vacib bir dərs götürürük. Müqəddəs Kitabdan müəyyən biliyimizin olması, müntəzəm yığıncaq görüşlərinə gəlməyimiz və təbliğə çıxmağımız bizim ruhani cəhətdən yetkin olduğumuza dəlalət etmir. Ola bilsin, biz müəyyən dərəcədə tərəqqi etmişik, amma özümüzü təhlil edəndə görə bilərik ki, ruhani cəhətdən hələ də öz üzərimizdə işləməliyik (Filip. 3:16). Məqalədə bununla bağlı vacib məqamları nəzərdən keçirəcəyik: 1) Ruhani cəhətdən yetkin insan olub-olmadığımızı necə müəyyən edə bilərik? 2) Ruhani düşüncəli insan olmaq və bu sahədə irəli getmək üçün nə etməliyik? 3) Ruhani düşüncəli insan olmaq gündəlik həyatımızda bizə necə kömək edə bilər?

ÖZÜMÜZÜ TƏHLİL EDƏK

4. Efeslilərə 4:23, 24 ayələrindəki məsləhət kimlərə aiddir?

4 İnsan Yehova Allaha xidmət etməyə başlayanda həyatının hər bir sahəsinə təsir edən köklü dəyişikliklər edir. Təbii ki, vəftiz olmaqla bu proses bitmiş sayılmır. Müqəddəs Kitabın «daima düşüncə tərzinizi yeniləşdirməlisiniz» sözləri bunu təsdiq edir (Efes. 4:23, 24). Heç birimiz kamil olmadığımız üçün bu məsləhəti tətbiq edərək dəyişmə prosesini davam etdirməliyik. İllərlə Yehovaya xidmət edən məsihilər belə, ruhani cəhətdən möhkəm qalmaq üçün daima öz üzərlərində çalışmalıdırlar (Filip. 3:12, 13).

5. Hansı sualların işığında özümüzü təhlil edə bilərik?

5 Ruhani cəhətdən tərəqqi etmək və bu sahədə möhkəm qalmaq üçün özümüzü təhlil etməliyik və bu zaman özümüzə qarşı dürüst olmağı da unutmamalıyıq. Növbəti suallar, yaşımızdan asılı olmayaraq, hər birimizə bu işdə kömək edə bilər: Ruhani düşüncəli insan olmağa çalışdığımı nə göstərir? Məsihə xas xüsusiyyətlərə yiyələnirəmmi? İbadət görüşlərindəki əhvali-ruhiyyəm və davranış tərzim ruhani vəziyyətim barədə nə deyir? Etdiyim söhbətlər məqsədlərim haqda nə deyir? Fərdi mütaliə, geyim, xarici görkəm, məsləhətə münasibət sahəsində özümdə nəyi müşahidə edirəm? Nəfsim məni sınayanda necə davranıram? Bir məsihi kimi yetkinləşməyə davam edirəm? (Efes. 4:13). Bu suallara verdiyimiz cavablar ruhani inkişafımızın hansı mərhələdə olduğunu göstərəcək.

6. Ruhani cəhətdən hansı vəziyyətdə olduğumuzu daha necə yoxlaya bilərik?

6 Ruhani cəhətdən hansı vəziyyətdə olduğumuzu müəyyən etmək üçün, bəzən, bizə başqalarının köməyi lazım gəlir. Bulusun yazdıqlarına əsasən, cismani düşüncəli insan həyat tərzinin Allahı razı salmadığını başa düşmür. Ruhani düşüncəli insan isə Allahın nöqteyi-nəzərini başa düşür və dərk edir ki, Allah cismani düşüncəli insanın həyat tərzini qəbul etmir (1 Kor. 2:14—16; 3:1—3). Məsihin düşüncəsinə sahib olan ağsaqqallar cismani düşüncənin əlamətlərini dərhal sezə bilirlər. Əgər onlar bizdə bu problemi görüb məsləhət verərlərsə, onların köməyini qəbul edəcəyikmi? Belə davranarıqsa, ruhani cəhətdən inkişaf etmək istədiyimizi göstərəcəyik (Vaiz 7:5, 9).

RUHANİ CƏHƏTDƏN YETKİNLƏŞƏK

7. Nəyə görə Müqəddəs Kitabı yaxşı bilmək ruhani düşüncəli insan olmaq üçün kifayət deyil?

7 Ruhani düşüncəli insan olmaq üçün Müqəddəs Kitabı yaxşı bilmək kifayət deyil. Süleyman padşah Yehova haqda zəngin elmə sahib idi. Onun yazdığı gözəl kəlmələr Allahın Kəlamına daxil edilib. Amma bu qədər biliyi olan insan axırda möminliyini qoruya bilməyib Allahın yolundan döndü (1 Pad. 4:29, 30; 11:4—6). Bundan belə nəticə çıxarırıq ki, biz Müqəddəs Kitabdan elm almaqla yanaşı, ruhani cəhətdən böyüməyə davam etməliyik (Kol. 2:6, 7). Bəs bu işdə bizə nə kömək edər?

8, 9. a) Bizə ruhani cəhətdən böyüməyə nə kömək edə bilər? b) Mütaliə edəndə məqsədimiz nə olmalıdır? (Məqalənin əvvəlindəki şəklə baxın.)

 8 Həvari Bulus birinci əsrdəki məsihiləri «yetkinliyə doğru irəlilə»məyə çağırırdı (İbr. 6:1). Bulusun məsləhətinə əməl etmək üçün biz hansı addımları atmalıyıq? Bu sahədə bizə kömək edəcək vacib amillərdən biri «Allahın məhəbbətindən ayrılmayın» kitabını mütaliə etməkdir. Bu kitabı əvvəldən-axıra qədər araşdırmaqla Müqəddəs Kitab prinsiplərini həyatda tətbiq etməyi öyrənə bilərik. Kitabı artıq öyrənib qurtaranlara tövsiyə edərdik ki, imanlarını möhkəmləndirməyə kömək edəcək başqa nəşrləri araşdırsınlar (Kol. 1:23). Mütaliəmiz səmərəli olsun deyə, oxuduqlarımızdan nəticə çıxarmalı və öyrəndiklərimizin bizə necə aid olduğunu başa düşmək üçün Yehovadan kömək istəməliyik.

9 Mütaliə edəndə məqsədimiz Yehovanı razı salmaq və Onun qanunları ilə yaşamaq arzusunu alovlandırmaq olmalıdır (Zəb. 40:8; 119:97). Biz mütaliə etməklə yanaşı ruhani inkişaf yolunda bizə mane olan hər şeyə «yox» deməyi də öyrənməliyik (Tit. 2:11, 12).

10. Gənclər ruhani cəhətdən böyümək üçün nə etməlidirlər?

10 Növbəti sualımız gənclərə ünvanlanıb: əziz gənclər, qarşınıza ruhani məqsədlər qoymusunuz? Adətən, rayon toplantısında Beyteldən gələn qardaş toplantı başlamazdan əvvəl vəftiz olmağa hazırlaşanlarla söhbət edir və onlara ruhani məqsədləri barədə suallar verir. Çox vaxt onların arasında çoxlu gənclər olur. Bu gənclərin verdiyi cavabdan aydın görünür ki, onlar Yehovanın yolunda hansı işi görmək istədiklərini konkret bilirlər: bəziləri tamvaxtlı xidmətdə (əvvəlki adı tammüddətli xidmət) iştirak etmək istəyir, bəzilərinin isə məqsədi təbliğçilərə tələbat olan əraziyə köçmək olur. Amma bəziləri bilmir bu suala nə cavab versin. Bəlkə onlar ruhani məqsədlər qoymağın vacib olmadığını düşünürlər?! Gənclərə məsləhət görərdik ki, özlərinə növbəti sualları versinlər: yığıncağa və təbliğə nəyə görə gedirəm, valideynlərimi razı salmaq üçün? Yehova ilə yaxın dost olmaq üçün Onunla şəxsi münasibət qururam? Təbii ki, ruhani məqsədlər qoymaq məsləhəti yalnız gənclərə aid deyil. Ruhani cəhətdən yetkinləşmək istəyən hər bir məsihi qarşısına ilahi məqsədlər qoymalıdır (Vaiz 12:1, 13).

11. a) Bizə ruhani cəhətdən böyüməyə daha nə kömək edə bilər? b) Bu sahədə kimdən nümunə götürə bilərik?

11 Ruhani cəhətdən irəli getmək üçün əvvəlcə hansı sahədə zəif olduğumuzu müəyyən etməli və vəziyyəti düzəltmək üçün addımlar atmalıyıq. Bu çox mühüm məsələdir, hətta deyərdik, ölüm-dirim məsələsidir (Rom. 8:6—8). Əlbəttə, ruhani düşüncəli insan olmaq, kamil olmaq demək deyil. Ruhani cəhətdən irəli getmək üçün Yehova bizə Öz müqəddəs ruhunu verir. Amma biz də öz tərəfimizdən nə isə etməliyik. Rəhbərlik Şurasının üzvü olmuş Con Barr qardaş bir neçə il bundan qabaq Luka 13:24 ayəsi ilə bağlı belə sözlər demişdi: «Çoxları dar qapıdan girə bilməyib, çünki özlərini ruhani cəhətdən möhkəmləndirmək üçün kifayət qədər çalışmayıblar». Gəlin təslim olmayaq, xeyir-dua alana qədər mələklə güləşən Yaqub peyğəmbərdən nümunə götürək (Yar. 32:26—28). Müqəddəs Kitabı necə mütaliə etdiyimizə də diqqət yetirməliyik. Düzdür, orada çoxlu maraqlı hadisələr var, amma ehtiyatlı olmalıyıq ki, onu sadəcə əyləncəli bir roman kimi oxumayaq. Allahın Kəlamını mütaliə edəndə bizə fayda gətirən ruhani incilər axtarmalıyıq.

12, 13. a) Romalılara 15:5 ayəsindəki sözlərin bizim üzərimizdə yerinə yetməsi üçün nə edə bilərik? b) Butrusun qoyduğu nümunə və verdiyi məsləhət bizə necə kömək edə bilər? c) Ruhani cəhətdən böyümək üçün hər birimiz nə etməliyik? (« Ruhani cəhətdən yetkinləşməyə kömək edən addımlar» adlı çərçivəyə baxın.)

12 Ruhani cəhətdən böyümək üçün var  gücümüzlə çalışsaq, müqəddəs ruh bizə düşüncə tərzimizi dəyişməyə kömək edəcək. Bu köməyin sayəsində biz get-gedə Məsih kimi düşünməyi öyrənəcəyik (Rom. 15:5). Müqəddəs ruh, həmçinin bizə qəlbimizdən cismani arzuları çıxarıb, yerini Allahı razı salan xüsusiyyətlərlə doldurmağa kömək edəcək (Qal. 5:16, 22, 23). Əgər fikrimizin maddi şeylərə, cismani arzulara cəmləndiyini hiss edəriksə, təslim olmamalıyıq, Yehovadan dönə-dönə müqəddəs ruh istəməliyik. Yehova bizə düşüncəmizi düzgün istiqamətə yönəltməyə kömək edəcək (Luka 11:13). Misal kimi, həvari Butrusu yadımıza sala bilərik. Bəzən o da yetkin məsihiyə xas olmayan şəkildə davranırdı (Mət. 16:22, 23; Luka 22:34, 54—62; Qal. 2:11—14). Amma Butrus təslim olmadı. Yehovanın köməyi ilə o, tədricən Məsih kimi düşünməyi öyrəndi. Biz də bunu bacararıq.

13 Elə Butrusun özü sonralar məktubunda məsihilərə irəli getməyə kömək edən xüsusiyyətləri sadalamışdı. (2 Butrus 1:5—8 ayələrini oxuyun.) Var gücümüzlə çalışıb özümüzdə təmkin, dözüm, qardaşlıq sevgisi kimi xüsusiyyətlər yetişdirsək, ruhani düşüncəli insan olmaq istiqamətində irəli getmiş olarıq. Hər gün özümüzdən soruşa bilərik: «Ruhani cəhətdən böyümək üçün bu gün nə edə bilərəm?»

MÜQƏDDƏS KİTAB PRİNSİPLƏRİ VƏ GÜNDƏLİK HƏYATIMIZ

14. Ruhani düşüncəli insan olmaq məsihinin həyatına necə təsir edir?

14 Ruhani düşüncəli insan olduğumuz, bizim məktəbdəki və işdəki davranışımızda, danışığımızda, eləcə də gündəlik qərarlarımızda özünü büruzə verir. Qərarlarımızdan Məsihin izləri ilə getdiyimiz görünməlidir. Ruhani düşüncə bizi Yehova ilə münasibətlərimizə zərər gətirəcək davranışlardan qoruyacaq. Nəfsin sınağına düşəndə bu düşüncə bizi nəfsi boğmağa sövq edəcək. Həmçinin qərar verəndə dayanıb bu sualların üzərində düşünməliyik: Müqəddəs Kitabın hansı prinsipi mənə düzgün qərar verməyə kömək edə bilər? Məsih mənim yerimdə olsaydı, nə edərdi? Hansı qərarı versəm, Yehovaya xoş gedər? Qərar verməzdən əvvəl bunu etmək bizdə vərdiş halını almalıdır. Gəlin özümüzü məşq etdirmək üçün bir neçə vəziyyəti nəzərdən keçirək. Bu vəziyyətlərin hər birində düzgün qərar verməyə kömək edən Müqəddəs Kitab prinsipi gətiriləcək.

15, 16. Məsihin düşüncəsinə sahib olmaq bizə a) həyat yoldaşı və b) dost seçəndə necə kömək edə bilər?

15 Həyat yoldaşı seçəndə. Bu vəziyyətdə tətbiq edə biləcəyimiz prinsip 2 Korinflilərə 6:14, 15 ayələrində yerləşir. (Ayələri oxuyun.) Həvari Bulus bu ayələrdə açıq-aydın vurğulayır ki, ruhani düşüncəli insanla cismani düşüncəli insan arasında heç bir ortaqlıq ola bilməz. Bu prinsip həyat yoldaşı seçəndə bizə necə kömək edə bilər?

16 Dost seçəndə. Bu vəziyyətə 1 Korinflilərə 15:33 ayəsindəki prinsipi gətirmək olar. (Ayəni oxuyun.) Təbii ki, ruhani düşüncəli məsihi onun Allahla münasibətlərini korlaya biləcək insanlarla yoldaşlıq etməyəcək. Bəs bu prinsipi başqa vəziyyətlərdə, məsələn, sosial şəbəkələrdən istifadə edəndə və ya İnternetdə tanımadığımız adamlar tərəfindən onlayn oyunlar oynamağa dəvət alanda necə tətbiq etmək olar?

Qərarlarım mənə ruhani cəhətdən yetkin insan olmağa kömək edirmi? (17-ci abzasa baxın)

17—19. Ruhani düşüncəyə sahib olmaq bizə a) puç şeylərin dalınca qaçmamağa, b) qarşımıza ilahi məqsədlər qoymağa və c) sülhpərvər olmağa necə kömək edə bilər?

 17 Ruhani cəhətdən böyüməyimizə əngəl olan işlər. Həvari Bulus İbranilərə 6:1, 2 ayələrində məsihilərə nəsihətamiz sözlər yazmışdı. (Ayələri oxuyun.) Bu nəsihətə əsasən, biz «ölümə aparan» hansı işlərdən uzaq durmalıyıq? Bura Yehovanın gözündə ölü, boş və faydasız olan bütün işlər daxildir. Bu prinsip həyatda qarşılaşdığımız bir çox suallara cavab tapmağa kömək edə bilər. Məsələn: «Bu məşğuliyyət “ölümə aparan” işlərə daxildir? Asan pul qazandıran bu təklifi qəbul edim, etməyim? Nəyə görə islahatçı hərəkatlara qoşulmamalıyam?»

Qərarlarım mənə qarşıma ilahi məqsədlər qoymağa kömək edirmi? (18-ci abzasa baxın)

18 İlahi məqsədlər. İsa Məsihin dağüstü vəzində verdiyi məsləhətlər qarşımıza düzgün məqsədlər qoymağa kömək edə bilər (Mət. 6:33). Əlbəttə ki, ruhani düşüncəli insan ilahi məqsədlərə can atacaq. Ayədəki prinsipin köməyi ilə məqsədlərlə bağlı növbəti suallara cavab tapa bilərik: «Orta məktəbi bitirəndən sonra ali təhsil alım, almayım? Bu iş təklifini qəbul edim, etməyim?»

Qərarlarım mənə «sülhpərvər» olmağa kömək edirmi? (19-cu abzasa baxın)

19 Narazılıq yarananda. Həvari Bulusun Romadakı məsihilərə yazdığı məsləhət bizə narazılıq yaranan vaxt necə kömək edə bilər? (Rom. 12:18). Təbii ki, Məsihin davamçısı olduğumuz üçün biz «hamı ilə sülhdə olmağa» çalışırıq. Bəs kiminləsə aramızda narazılıq yarananda necə davranırıq? Qarşı tərəfin fikrini nəzərə almaq bizə çətin gəlir? Yoxsa həmişə sülhpərvər insan kimi davranmağa çalışırıq? (Yaq. 3:18).

20. Nəyə görə ruhani düşüncəli insan olmaq istəyirsiniz?

20 Yuxarıda gətirilən bir neçə nümunədən gördük ki, Müqəddəs Kitab prinsipləri bizə ruhani düşüncəli insana xas qərarlar verməyə necə kömək edə bilər. Ruhani düşüncəyə sahib olarıqsa, hər günümüz xoşbəxt və mənalı keçər. Məqalənin əvvəlində haqqında bəhs etdiyimiz Robert qardaş deyir: «Yehova ilə yaxın dostluq münasibəti qurandan sonra mən həm yaxşı ər, həm də yaxşı ata ola bildim. Bu, mənə dərin məmnunluq və xoşbəxtlik gətirdi». Biz də əlimizdən gələni edib ruhani cəhətdən yetkinləşməyə çalışsaq, eyni nemətləri dadarıq. Beləcə, biz bu gün mənalı həyat sürər, gələcəkdə isə «əsl həyat»ı yaşayarıq (1 Tim. 6:19).