Kontentə keç

Mündəricatı göstər

Sevinc — ilahi xüsusiyyət

Sevinc — ilahi xüsusiyyət

XOŞBƏXT, şad-xürrəm həyat sürmək hər bir insanın arzusudur. Amma yaşadığımız bu zəmanə o dərəcədə çətindir ki, həyatdan sevinc duymaq elə də asan deyil (2 Tim. 3:1). Bəzən haqsızlıq, xəstəlik, işsizlik, dərd-sər və rahatlığımızı əlimizdən alan digər problemlər ucbatından sevincimiz kədərə dönür. Hətta Yehovanın xidmətçiləri belə, hərdən ruhdan düşür və sevinclərinin yavaş-yavaş söndüyünü hiss edirlər. Ola bilsin, siz də hal-hazırda bu vəziyyətdəsiniz. Gəlin görək əvvəlki sevincinizi necə qaytara bilərsiniz.

Əvvəla gəlin əsl sevincin nə olduğunu və çətinliklərə baxmayaraq, sevincini itirməyən insanların nümunəsini nəzərdən keçirək. Sonra isə bizə sevincimizi qorumağa və sevincimizə sevinc qatmağa kömək edən amillər barədə danışaq.

ƏSL SEVİNC NƏDİR?

Ola bilsin, kimsə düşünür ki, sevinmək şən olmaq və deyib-gülmək deməkdir. Amma bu fikrin yanlış olduğunu növbəti nümunə əsasında görə bilərik. Elə insan var ki, çoxlu içəndə deyib-gülməyə başlayır. Amma içkinin təsiri gedəndən sonra dərdi yenə yadına düşür və o şən insandan əsər-əlamət qalmır. Bəli, bu, ani sevincdir, buna əsl sevinc demək olmaz (Məs. 14:13).

Əsl sevinc ürəkdə yuva qurmuş hissdir. İnsan gözəl bir şeyi gözləyəndə və əldə edəndə bu hissi yaşayır. Əsl sevinc xarici faktorlardan asılı deyil, o, insanın daxilində olur. Bu cür insan hər vəziyyətdə, həm yaxşı, həm pis gündə xoşbəxt olmağı bacarır (1 Salon. 1:6). Nə isə onu narahat etsə də, içindəki sevinc sönmür. Həvarilər buna gözəl misaldır. Onlar Məsih haqda şəhadət verdikləri üçün döyülsələr də, «İsanın adı naminə təhqirə layiq görüldüklərinə görə Sinedriondan sevinə-sevinə çıxdılar» (Həv. 5:41). Təbii ki, onları sevindirən aldıqları kötəklər deyildi. Bu mömin insanlar Allaha vəfalı qaldıqları üçün sevinirdilər.

Əlbəttə, heç kim sevinc xüsusiyyəti ilə doğulmur və bu xüsusiyyət heç kimdə öz-özünə yaranmır. Nə üçün belə iddia edirik? Çünki əsl sevinc müqəddəs ruhun bəhrəsidir. Bu ruhun köməyi ilə biz özündə sevinc xüsusiyyətini də yaşadan «yeni şəxsiyyətə» bürünə bilərik (Efes. 4:24; Qal. 5:22). Beləcə, sevincimiz artacaq və həyatın çətinliklərindən mətanətlə keçə biləcəyik.

ONLAR SEVİNCLƏRİNİ İTİRMƏDİLƏR

Yehova Allah Yer kürəsini gözəl məqsədlər üçün yaratmışdı. Əslində, dünya bu gün bizim gördüyümüz kimi olmamalı idi. Bu gün insanlar çox şər əməllər törədir. Bununla belə, Yehova sevincini itirmir. Müqəddəs Kitabda deyilir ki, «qüdrət və sevinc [Onun] dərgahındadır» (1 Saln. 16:27). Şübhəsiz, saleh bəndələrinin gördüyü savab işlər də Yehovanın qəlbini sevindirir (Məs. 27:11).

Həyatda hər şey istədiyimiz kimi getməyəndə Yehovanı yadımıza salmaqla sakitləşə bilərik. Gəlin Yaradanımızdan nümunə götürüb sevincimizi itirməyək, diqqətimizi indi sahib  olduğumuz gözəl nemətlərə cəmləyək və səbirlə gözəl cənnət həyatını gözləyək *.

Keşməkeşli həyat yaşasa da, qəm dəryasına batmayan insanlar da az olmayıb. Bu insanlar haqda Müqəddəs Kitabdan məlumat ala bilərik. Onlardan biri İbrahim peyğəmbərdir. O, ölümlə üz-üzə durmuş, kimlərinsə ucbatından başı çox bəlalar çəkmişdi (Yar. 12:10—20; 14:8—16; 16:4, 5; 20:1—18; 21:8, 9). Bütün bunlara rəğmən, o, sevincini itirmədi. Bəs o, bunu necə bacarmışdı? Ona bu tükənməz sevinci yaşadan Məsihin hakimiyyəti altında ömür sürmək ümidi idi (Yar. 22:15—18; İbr. 11:10). İsa Məsih də bunu təsdiq edərək demişdi: «Atanız İbrahim mənim günümü görəcəyi üçün çox sevinirdi» (Yəh. 8:56). Gəlin biz də İbrahim peyğəmbəri örnək götürərək gələcəyin gətirəcəyi sevincə köklənək (Rom. 8:21).

İbrahim peyğəmbər kimi həvari Bulus və onun təbliğ əməkdaşı Sila da diqqətlərini Allahın vədinə cəmləmişdilər. Onlar çox güclü iman sahibi idilər. Həyatda çoxlu xoşagəlməz hallar yaşasalar da, sevinclərini itirmirdilər. Məsələn, bir dəfə onları o ki var döyüb zindana atmışdılar. Amma görün bu qardaşlar nə etmişdi. Müqəddəs Kitabda yazılıb: «Gecə yarısı olardı. Bulusla Sila dua edib mahnı oxuyur, Allahı tərənnüm edirdilər» (Həv. 16:23—25). Onlar həm Allahın vədinə bəslədikləri ümiddən güc alır, həm də Məsih uğrunda əzab çəkdikləri üçün sevinirdilər. Biz də Yehovaya sədaqətlə xidmət etməyin gətirdiyi gözəl bəhrələr barədə düşünməklə Bulus və Sila kimi sevincimizi qoruya bilərik (Filip. 1:12—14).

Bu gün də çətinliklər qarşısında sevincini qoruyan dindaşlarımız az deyil. Məsələn, 2013-cü ilin noyabr ayında Filippinin mərkəzində baş verən Haiyan tayfunu 1000-dən artıq bacı-qardaşımızı evsiz-eşiksiz qoymuşdu. Takloban şəhərində yaşayan və qasırğa zamanı evi darmadağın olan Corc qardaş demişdi: «Olub-keçənlərə baxmayaraq, bacı-qardaşlar xoşbəxtdirlər. Duyduğumuz sevinc hissini bilmirəm hansı sözlərlə ifadə edim». Göründüyü kimi, çox ağır çətinliklər yaşasaq da, sevincimizi qoruya bilərik. Bunun üçün Yehova Allahın bizə etdiyi yaxşılıqları yadımıza salmaq və şükr etmək lazımdır. Gəlin görək Yehovanın bəxş etdiyi başqa hansı nemətlər bizə həyatdan sevinc duymağa əsas verir.

NİYƏ DƏ SEVİNMƏYƏK?!

Razılaşarsınız ki, həyatdan sevinc duymağa əsas verən ən böyük səbəb Ulu Yaradanla dostluqdur. Heç təsəvvür edirsiniz, bizə necə böyük şərəf nəsib olub: yerin-göyün Sahibi bizə Özünü tanıdıb! O, bizim həm Atamız, həm Allahımız, həm də Dostumuzdur. Məgər bundan böyük xoşbəxtlik var?! (Zəb. 71:17, 18).

Yaradanımız bizə həyat kimi gözəl nemət və bu həyatdan həzz almaq kimi bir qabiliyyət bəxş edib (Vaiz 3:12, 13). Yehova bizi Özünə cəlb etdiyi üçün Onun bizimlə bağlı iradəsini dərk edə bilirik (Kol. 1:9, 10). Beləcə, mənalı həyat yaşayır və həyatda hara gedəcəyimizdən xəbərdarıq. Amma dünyadakı əksər insanlar həyatda məna tapa bilmir. Həvari Bulus bunun səbəbini belə vurğulamışdı: «“Allahın Onu sevən bəndələri üçün hazırladığı şeyləri nə göz görüb, nə qulaq eşidib, nə də onlar kimsənin xəyalına gəlib”. Allah Öz ruhu ilə bunları bizə açıb» (1 Kor. 2:9, 10). Məgər Allahın iradəsini və niyyətini dərk etməyimiz sevinməyimiz üçün səbəb deyil?!

Bizə sevinməyə əsas verən daha bir səbəb Yehovanın bizə mərhəmət göstərib günahlarımızı bağışlamasıdır (1 Yəh. 2:12). Eləcə də Allahımız lütfündən irəli gələrək bizə yeni dünyada yaşamaq ümidi verib (Rom. 12:12). İndinin özündə isə Yehova bizi gözəl dindaşlarımızdan ibarət qardaşlığın üzvü edib (Zəb. 133:1). Həmçinin Müqəddəs Kitab bizi əmin edir ki, Yehova xalqını Şeytandan və onun cinlərindən qoruyur (Zəb. 91:11). Əgər sahib  olduğumuz bütün bu nemətlərin üzərində dərindən düşünəriksə, sevinc qəlbimizdə yuva qurar (Filip. 4:4).

SEVİNCİMİZ AŞIB-DAŞSIN

Bəs sevinc sarıdan kasadlıq duymayan məsihiyə də sevinci artırmaq lazımdır? Cavabı İsa Məsihin sözlərindən tapa bilərik: «Bunları sizə ona görə deyirəm ki, qəlbimdəki sevinci siz də tam duyasınız» (Yəh. 15:11). Bu sözlər göstərir ki, hər birimiz qəlbimizdəki sevinci artırmalıyıq. Sevinci bir ocağa bənzətmək olar. Bu ocağın gur yanması üçün ora daim odun atmaq lazımdır. Yadda saxlayın ki, sevinc müqəddəs ruhun hasil etdiyi xüsusiyyətdir. Buna görə də biz həmişə Yehovadan müqəddəs ruh diləməli, müqəddəs ruhun ilhamı ilə yazılmış Kəlamı diqqətlə oxumalı və oxuduqlarımızdan nəticə çıxarmalıyıq (Zəb. 1:1, 2; Luka 11:13).

Sevinci artırmağın daha bir yolu Yehovanı razı salan işlərdə fəal olmaqdır (Zəb. 35:27; 112:1). Allah bizi elə yaradıb ki, biz yalnız Onun iradəsini yerinə yetirməklə əsl xoşbəxtliyi duya bilərik. Bu həqiqəti növbəti ayə çox gözəl açıqlayır: «Allahdan qorx, Onun əmrlərini yerinə yetir. İnsanın vəzifəsi budur» * (Vaiz 12:13).

SEVİNCİN BƏHRƏSİ

Sevincimiz artdıqca görəcəyik ki, bu, bizə yalnızca xoşbəxtlik hissi yaşatmır, bunun başqa faydaları da var. Məsələn, çətinliklərə baxmayaraq, Yehovaya sevinclə xidmət edəndə Ona daha çox xoş gedəcək (Qan. 16:15; 1 Salon. 5:16—18). Həmçinin əsl sevincin dadını bildiyimiz üçün maddiyyat dalınca qaçmayacaq, əksinə, Padşahlıq uğrunda daha böyük qurbanlar vermək üçün fürsət axtaracağıq (Mət. 13:44). Yehovanın işində fəal olmağın gətirdiyi faydaları görəndə sevincimiz daha da artacaq, özünəəminlik duyacaq və bu xoşbəxtlikdən başqalarına da pay verəcəyik (Həv. 20:35; Filip. 1:3—5).

«Bu gün həyatınız sizə məmnunluq və xoşbəxtlik gətirirsə, sabah sağlamlıq bəxş edəcək». Bu sözləri ABŞ-ın Nebraska Universitetində çalışan və səhiyyə sahəsində bir sıra tədqiqatlar aparan bir alim demişdi. Müqəddəs Kitab da «şad ürək cana məlhəmdir» sözləri ilə bu həqiqəti təsdiq edir (Məs. 17:22). Göründüyü kimi, nə qədər çox sevinsək, bir o qədər sağlam olarıq.

Xülasə, həyat nə qədər ağır olsa da, biz əsl, tükənməz sevincə sahib ola bilərik. Bunun üçün Allahdan duada müqəddəs ruh istəmək, Müqəddəs Kitabı dərindən mütaliə etmək vacibdir. Həmçinin gördük ki, sevincimizi artırmaq üçün aldığımız nemətlər barədə düşünməli, imanlı insanları örnək almalı və Allahın iradəsini yerinə yetirməliyik. Bu məsləhətlərə əməl edəriksə, Zəbur 64:10 ayəsindəki sözlərin həqiqiliyini öz üzərimizdə hiss edəcəyik: «Saleh insanın sevinci Yehova olacaq, Ona sığınacaq».

^ abz. 10 «Ruhun bəhrəsi»nə həsr olunmuş bu silsilənin növbəti məqaləsində səbir xüsusiyyəti barədə oxuya bilərsiniz.

^ abz. 20 Sevinci artırmaqla bağlı başqa məsləhətləri « Sevincinizə sevinc qatın» adlı çərçivədə tapa bilərsiniz.